"Rabitəbank" klassik bank tələsinə düşdü: Aktivlər artır, keyfiyyət çökür


“Rabitəbank” ASC 2025-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hazırlanmış birləşdirilmiş maliyyə hesabatını açıqlayıb. Müstəqil auditor rəyi (Baker Tilly) formal olaraq “şərtsiz” olsa da, hesabat bankın əsas zəif nöqtələrini aydın şəkildə üzə çıxarır: xalis mənfəətin davamlı geriləməsi, kredit risklərinin kəskin artması və gəlirliliyin dayanıqsızlığı. Bankın aktivləri 22% artaraq 1,37 milyard manata çatsa da, bu böyümə keyfiyyətsiz kredit portfeli və yüksək ehtiyat ayırmaları hesabına başa gəlir. Bankın ailə nəzarətində olması və korporativ idarəçiliyin zəifliyi fonunda bu tendensiyalar xüsusilə narahatlıq doğurur.

Xalis mənfəət və rentabellilikdə davamlı geriləmə


Bankın maliyyə nəticələri ötən ilə nisbətən zəifləyib. Mənfəət vergisinə qədər mənfəət 13,689 min manatdan 11,373 min manata düşüb. Xalis mənfəət 10,611 min manatdan 9,652 min manata geriləyib ki, bu da 9 faiz azalma deməkdir. Hər səhmə düşən xalis mənfəət (EPS) isə 2,13 manatdan 1,93 manata enib. Bu azalma təsadüfi deyil. Bank faiz gəlirlərini 141,495 min manata çatdıraraq artırsa da, gözlənilən kredit itkiləri üzrə ehtiyat ayırmaları bütün bu artımı udur. Nəticədə gəlirliliyin əsas göstəriciləri aşağı düşür.

Kredit riskləri kəskin artıb


Hesabatla tanış olduqda üzə çıxan ən ciddi problem kredit portfeli ilə bağlıdır. Müştərilərə verilən kreditlər üzrə gözlənilən itkilər ehtiyatı (ECL) 6,263 min manatdan 15,405 min manata qalxıb ki, bu da 2,46 dəfə artım deməkdir. Ümumi ehtiyat fondu hazırda 40,801 min manat təşkil edir. Kreditlər bank aktivlərinin 66 faizini əhatə edir və bu da 904 milyon manat təmiz kredit portfelinə bərabərdir. Bu rəqəmlər bankın kredit portfelinin keyfiyyətinin pisləşdiyini açıq göstərir. Xüsusilə istehlak və mikrokreditlərin payının artması iqtisadiyyatda mümkün yavaşlama şəraitində ciddi ödəmə çətinliyi riski yaradır. Auditor hesabatında bu mövzu əsas audit məsələsi (Key Audit Matter) kimi qeyd olunub ki, bu da təsadüfi deyil.

Korporativ seqmentdə də geriləmə var. Belə ki, korporativ kreditlər 289 milyon manatdan 257,5 milyon manata düşüb. Bank bu boşluğu əsasən fiziki şəxslərinə verilən riskli kreditlər hesabına doldurur.

Qeyri-faiz gəlirlərində zərər


Bankın komissiya əməliyyatları üzrə 4,974 min manat xalis zərər qeydə alınıb: komissiya gəlirləri 33,961 min manat, komissiya xərcləri isə 38,935 min manat təşkil edib. Xarici valyuta ticarəti gəliri 4,059 min manatdan 2,158 min manata düşüb. Eyni zamanda valyuta məzənnə fərqlərindən də əlavə zərər yaranıb. Bu göstəricilər bankın əsas fəaliyyət xətlərindən birinin zəiflədiyini göstərir.

Depozit artımı və likvidlik riski


Müştəri əmanətləri 681,5 milyon manatdan 868,2 milyon manata yüksəlib ki, bu da 27,4 faiz artım deməkdir. Bu artım likvidliyi gücləndirsə də, eyni zamanda faiz xərclərini də artıraraq 58,632 min manata çatdırıb. Kredit-depozit nisbətinin 1,09 olması bankın depozitlərdən daha çox kredit verdiyini nümayiş etdirir. Qısamüddətli əmanətlərlə uzunmüddətli kreditlərin maliyyələşdirilməsi isə potensial likvidlik sıxıntısı riskini artırır.

Kapital strukturunda "ilüzor" artım


Ümumi kapital 103,6 milyon manatdan 111,3 milyon manata çatıb. Lakin bu artımın əsas hissəsi binaların yenidən qiymətləndirilməsi hesabınadır ki, bu da real nağd pul axını yaratmayan mühasibat əməliyyatıdır. Nizamnamə kapitalı isə praktiki olaraq dəyişməz qayıb və 102 milyon manat təşkil edib. Bank il ərzində səhmdarlara 4,5 milyon manat dividend ödəyib ki, bu da kapitalın real gücünü zəiflədir.

“Rabitəbank” sürətli böyümə modeli seçib, lakin bu model klassik bankçılıq tələsinə düşür: keyfiyyətsiz kredit portfeli növbəti mərhələdə yüksək ehtiyat ayırmalarına, bu, aşağı gəlirliliyə, aşağı gəlirlilik isə öz növbəsində kapitallaşma təzyiqinə gətirib çıxarır. Ailə nəzarətində olan kiçik bankda korporativ idarəçilik, risk idarəetməsi və şəffaflıq məsələləri xüsusilə aktualdır. Auditorun diqqətini cəlb edən ECL hesablamalarının mürəkkəbliyi və irəliyə yönəlik proqnozların keyfiyyəti bankın gələcək dayanıqlığına sual işarəsi qoyur.

Mövcud vəziyyətdən çıxış üçün ilk növbədə bank rəhbərliyi risk idarəetmə sistemini ciddi gücləndirməli, xüsusilə qeyri-işlək kreditlərin vaxtında tanınması və restrukturizasiya siyasətini yenidən nəzərdən keçirməlidir. Müştərilər yüksək faiz təkliflərinə aldanmadan bankın maliyyə dayanıqlığını, yəni ehtiyat fondu və kapital adekvatlığını diqqətlə izləməlidirlər. Eyni zamanda tənzimləyici orqan kiçik banklara xüsusi nəzarəti artırmalıdır. "Rabitəbank" hazırda “böyümə” ilə “keyfiyyət” arasında seçim qarşısındadır və 2025-ci il hesabatları göstərir ki, indiki strategiya uzunmüddətli perspektivdə dayanıqlı deyil.


AFN.az Araşdırma qrupu





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu