İspaniyadakı miqrantlar 2025-ci ildə Mərakeşə təxminən 1,6 milyard avro köçürüblər
İspaniyadan Mərakeşə pul köçürmələrinin həcmi son 10 il ərzində üç dəfə artaraq 2025-ci ildə təxminən 1,6 milyard avro təşkil edib ki, bu da krallığın ÜDM-nin 1%-nə bərabərdir.
AFN.az xəbər verir ki, bu barədə İspaniya Bankına istinadən "EFE" agentliyi məlumat yayıb.
Məlumata görə, 2015-ci ilin yekunlarına əsasən, İspaniyadakı Mərakeş diasporu ölkəsinə 487 milyon avro köçürmüşdü. 10 il ərzində bu göstərici 226% artaraq 2025-ci ildə 1,58 milyard avroya çatıb. Eyni dövr ərzində İspaniyada yaşayan Mərakeş vətəndaşlarının sayı 750 mindən 968 min nəfərə yüksəlib. Ümumilikdə isə ölkədə Mərakeş mənşəli təxminən 1,16 milyon insan yaşayır.
Bununla belə, İspaniya Bankının nümayəndələri üçdəfəlik artıma baxmayaraq, adam başına düşən köçürmə məbləğinin hələ də kiçik qaldığını bildiriblər. Bank rəsmiləri bu meyli Mərakeşdən olan miqrasiya prosesinin uzun sürməsi və ailələrin birləşməsi mərhələsi ilə yekunlaşması ilə əlaqələndiriblər.
Agentlik vurğulayır ki, İspaniya ərazisindən pul köçürmələrinin həcminə görə lider ölkə Kolumbiyadır (2025-ci ildə 2 milyard avro – 2015-ci illə müqayisədə 152% çox).
