ABA prezidentindən kartdan-karta əməliyyatlarla bağlı AÇIQLAMA - VİDEO
Kartdan-karta pul köçürmələrinə hər hansı məhdudiyyət tətbiq olunmur. Məhdudiyyətlər banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşma çərçivəsində müəyyənləşdirilib.
AFN.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev AzTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tətbiq edilən qaydalar yalnız mədaxil əməliyyatlarına aiddir. Belə ki, ödəniş alətinə gün ərzində 5 dəfədən artıq mədaxil edildikdə komissiya tətbiq olunması və hər bir məhsul üzrə aylıq mədaxilin 20 min manatla məhdudlaşdırılması nəzərdə tutulur.
Zakir Nuriyev qeyd edib ki, istifadəçilərin məxaric əməliyyatlarına hər hansı məhdudiyyət qoyulmayıb:
“Ödəniş aləti istifadəçisi əvvəlki qaydada istənilən ödəniş alətindən istifadə etməklə məxaric əməliyyatlarını tam şəkildə həyata keçirə bilər”.
ABA prezidenti bildirib ki, söhbət hər bir ödəniş aləti üzrə gündəlik 5 mədaxil və aylıq 20 min manatlıq həddən gedir.
Onun sözlərinə görə, bir hesabla əlaqəli bir neçə ödəniş alətinin istifadəsi məsələsində də yanaşma müəyyənləşdirilib. Eyni zamanda, şəxsin öz hesabları arasında həyata keçirdiyi mədaxil əməliyyatları, eləcə də yaxın qohumlar tərəfindən edilən mədaxillər bu məhdudiyyətlərə daxil edilməyib.


