Moldova Aİ-yə Balkan ölkələri ilə birgə daxil olmaq istəyir
Moldova 2028-ci ildə Balkan ölkələri ilə birlikdə Avropa İttifaqına üzv olmaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Vasile Tofan "Jurnal TV"-nin efirində bildirib.
"Moldovanın Avropa İttifaqına doğru hərəkətini davam etdirməsi son dərəcə vacibdir. Biz bu prosesdə Çernoqoriya və Albaniyadan mümkün qədər bərk yapışmalıyıq, bura İslandiya da qoşulacaq. Kişinyovun planı 2028-ci ildə Çernoqoriya, Albaniya, İslandiya və Moldovanın vahid paketdə yer almasıdır", - deyə baş nazir vurğulayıb.
"IMAS" sosioloji şirkətinin iyun ayında keçirdiyi rəy sorğusu göstərib ki, respublika vətəndaşlarının əksəriyyəti prezident Mayya Sandunun və hakim Fəaliyyət və Həmrəylik Partiyasının (FHP) vəd etdiyi kimi ölkənin 2028-ci ilə qədər Aİ-yə üzv olacağına inanmır. Ölkə əhalisinin avrointeqrasiyaya münasibəti birmənalı deyil: Sandu 2024-cü ilin payızında keçirilən prezident seçkilərini və Aİ-yə daxil olmaqla bağlı referendumu ölkə daxilində uduzsa da, nəticəni qərb ölkələrindəki miqrantların səsləri hesabına öz xeyrinə dəyişə bilib. Hakim partiya ötən ilin payızında keçirilən parlament seçkilərində də ölkə daxilində uduzsa da, xaricdəki məntəqələrin hesabına parlamentdəki çoxluğunu qoruyub. Keçmiş prezidentlər İqor Dodon, Vladimir Voronin və digər müxalifət liderləri səsvermənin nəticələrini tanımaqdan imtina edərək hakimiyyəti saxtakarlıqda ittiham ediblər.




