İtaliya DİN Şengen sazişinin İspaniya ilə nə vaxt bərpa olunacağını açıqlayıb
İtaliya Seutadakı miqrasiya böhranından sonra birtərəfli qaydada dayandırdığı İspaniya ilə sərhəddə sərbəst hərəkət haqqında Şengen sazişinin fəaliyyətini təhlükəsizlik təhdidləri aradan qalxdıqdan sonra bərpa edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi İspaniya hökumətinin Romanın avqustun 9-dək qərarı ləğv etməyəcəyi təqdirdə cavab tədbirləri görməyə hazır olduğunu bildirməsinə cavab olaraq deyib.
"Milli təhlükəsizliyə təhdidlər aradan qalxdıqda bu tədbir ləğv ediləcək. İspaniya ilə Şengenin dayandırılması Aİ sazişlərində nəzərdə tutulmuş müvəqqəti addımdır və biz avqustun 15-dən sonra ne olacağına baxacağıq", – deyə nazir bildirib. O xatırladıb ki, İspaniya xüsusi xidmət orqanları qonşu Mərakeşdən bu muxtar şəhərə miqrant axınının yenidən təkrar oluna biləcəyi barədə xəbərdarlıq edir.
İtaliyanın Baş naziri Corca Meloninin ofisindən də bildirilib ki, İtaliya milli təhlükəsizlik və sərhəd nəzarəti ilə bağlı xaricdən gələn heç bir ultimatum və ya göstərişi qəbul etmir. Hökumət rəhbərinin bəyanatında vurğulanır: "Biz İspaniyadan gələn üçüncü ölkə vətəndaşları üçün Şengen sazişinin dayandırılması barədə qərarı ən azı avqustun 15-dək və hər bir halda İtaliya üçün təhlükəsizlik və terror təhdidləri tam aradan qalxanadək yenidən nəzərdən keçirmək niyyətində deyilik". Eyni zamanda bildirilir ki, sərhəd nəzarəti İtaliya sərhədinin hava və dəniz yolu ilə keçilməsinə şamil olunmur.
