İsveçrədə daha sərt neytrallıq siyasəti səsverməyə çıxarılır



İsveçrədə seçicilər ölkənin neytrallıq siyasətinin daha sərt qaydalarla tənzimlənməsini nəzərdə tutan təşəbbüslə bağlı sentyabrın 27-də səs verəcək.

AFN.az xəbər verir ki, İsveçrə Xalq Partiyası (SVP) və Pro Schweiz hərəkatının dəstəklədiyi İsveçrənin neytrallığının qorunması təşəbbüsü ölkənin neytrallığının daim və silahlı olması prinsipinin Konstitusiyada təsbit edilməsini nəzərdə tutur. Rəsmi məlumatlara görə, təşəbbüs üzrə referendum 27 sentyabr 2026-cı ildə keçiriləcək.

Təşəbbüs İsveçrənin hər hansı hərbi və ya müdafiə ittifaqına qoşulmasını qadağan etməyi, həmçinin digər ölkələrlə hərbi əməkdaşlığa daha sərt qaydalar tətbiq etməyi nəzərdə tutur.

Seçicilər ölkənin iqtisadi sanksiyalarla bağlı addımlarını və NATO ilə əməkdaşlığını da məhdudlaşdıra biləcək daha sərt neytrallıq modelinə münasibət bildirəcək.

Təşəbbüsə əsasən, İsveçrə hərbi hücuma məruz qalmadığı və ya belə bir hücumun yaxın olmadığı müddətdə hər hansı hərbi və ya müdafiə ittifaqına qoşulmamalı, yaxud belə ittifaqlarla əməkdaşlıq etməməlidir.

Bundan başqa, İsveçrənin üçüncü ölkələr arasındakı hərbi münaqişələrdə iştirak etməməsi və müharibə aparan dövlətlərə qarşı sanksiyalar tətbiq etməməsi təklif olunur. BMT-nin sanksiyaları və sanksiyalardan yayınmanın qarşısını almaq üçün tədbirlər isə istisna sayılır.

Təşəbbüs həmçinin İsveçrənin neytrallığından vasitəçi kimi istifadə etməsini nəzərdə tutur.

Təşəbbüs qəbul edilərsə, İsveçrənin beynəlxalq hərbi əməkdaşlıq və iqtisadi sanksiyalar sahəsində fəaliyyət imkanlarında dəyişikliklər baş verə bilər.

İsveçrədə təşəbbüslə bağlı keçirilən müxtəlif sorğularda ona qarşı çıxanların sayının daha çox olduğu bildirilir.

İsveçrə Yayım Korporasiyasının sifarişi ilə GFS Bern Araşdırma İnstitutunun keçirdiyi sorğuda təşəbbüsə qarşı olanların nisbəti 63 faiz, dəstəkləyənlərin nisbəti isə 34 faiz göstərilib.

20 Minuten və Tamedia tərəfindən yayımlanan son sorğuda isə iştirakçıların 68 faizi təşəbbüsə qarşı, 31 faizi isə lehinə mövqe bildirib.

İsveçrədə neytrallıq təşəbbüsü ilə bağlı əsas mübahisə mövzularından biri Rusiyaya tətbiq edilən sanksiyalardır.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra İsveçrənin Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulması ölkənin neytrallıq siyasəti ilə bağlı müzakirələri gücləndirib.

AB üzvü olmayan İsveçrənin 1815-ci ildən tətbiq etdiyi neytrallıq siyasəti Rusiyaya qarşı sanksiyalar, İsveçrə istehsalı silahların yenidən ixracı və ölkənin NATO ilə yaxınlaşması kimi məsələlər fonunda müzakirə olunur.

İsveçrə Federal Şurası və parlament təşəbbüsün rədd edilməsini istəyir. Rəsmi mövqeyə görə, mövcud neytrallıq siyasəti ölkəyə dəyişən beynəlxalq şəraitə uyğun hərəkət etmək üçün zəruri imkan yaradır.

Xarici işlər naziri İqnazio Kassis bildirib ki, Konstitusiyada daha sərt neytrallıq anlayışının təsbit edilməsi İsveçrənin fəaliyyət imkanlarını məhdudlaşdıra bilər.

Kassis İsveçrənin Konstitusiyaya dəyişiklik etmədən də neytrallığını qoruyacağını və sürətlə dəyişən beynəlxalq böhranlar qarşısında çevik hərəkət etmək imkanının saxlanılmasının vacib olduğunu vurğulayıb.

İsveçrə hökumətinin məlumatına görə, ölkənin neytrallığı 1848-ci ildən Federal Konstitusiyada təsbit olunub. İsveçrə neytrallıq çərçivəsində digər ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlıq edir və bəzi sanksiyalara da qoşula bilir.

Təşəbbüsün tərəfdarları isə neytrallığın daimi, silahlı və daha sərt qaydalarla qorunmasının Konstitusiyada təsbit edilməsini müdafiə edir.

İsveçrədə vətəndaşlar Konstitusiyaya dəyişiklik və ya əlavə edilməsi ilə bağlı təşəbbüsləri xalq səsverməsinə çıxara bilirlər.

Federal xalq təşəbbüsünün səsverməyə çıxarılması üçün 18 ay ərzində 100 min seçicinin imzası tələb olunur. Konstitusiya dəyişikliyinin qəbul edilməsi üçün həm seçicilərin, həm də kantonların əksəriyyətinin lehinə səs verməsi lazımdır. Bu sistem ikili çoxluq adlanır.

Vətəndaşlar parlamentin qəbul etdiyi qanunlara referendum yolu ilə də etiraz edə bilirlər. Bunun üçün qanunun dərcindən sonra 100 gün ərzində 50 min etibarlı imza toplanmalıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu