DTX-nın əməliyyatından sonra yaranan sual: "Yeni xariciyyə naziri kim olacaq" - İLGİNC İTTİHAMLAR




Xarici İşlər Nazirliyindəki həbslərdən sonra yeni nazirin kim olacağına dair müzakirələr başlayıb; Tofiq Zülfüqarov: “Müharibə aparan ölkədə nazirlikdə belə halların olması qəbulolunan deyil”



Ötən həftə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) daxil olmuş məlumatlar əsasında Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri diqqəti xarici siyasəti idarəsinə yönəldib.

Öncə qeyd edək ki, iyulun 6-da DTX XİN-də keçirilən əməliyyatın təfərrüatlarını açıqlayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilmişdir: “Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilmişdir.

Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.



Həmçinin Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunmuşdur.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.



Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir"...

Hələ XİN-də əməliyyat keçirilməzdən əvvəl nazir Elmar Məmmədyarovun əvəzlənəcəyi barədə sosial şəbəkələrdə və media orqanlarında məlumatlar yayılmışdı. Xüsusilə də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk onlayn müzakirələrindən sonra E.Məmmədyarovu “dişsiz” bəyanatlar verməkdə günahlandıranlar çoxaldı və onun dəyişdirilməsini zəruri etdi. Bundan sonra cənab Məmmədyarovun övladları və mülkləri ilə bağlı ziddiyyətli xəbərlər yayıldı. Lakin XİN-dən bu barədə yazılanlara sərt reaksiya verildi və hətta qurum bu kimi materialları yayanlarla bağlı ölçü götürülməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət ünvanladı. Ancaq məlum olduğu kimi, əməliyyat XİN-in özündə keçirildi və bir sıra şəxslər ifşa olundu.



Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Etikxeber.az-a müsahibəsində E.Məmmədyarovu sərt tənqid edib: “Onsuz da Elmar Məmmədyarovun əməlləri bəlli idi. Mən vaxtilə onun haqqında ciddi fikirlərimi söyləmişdim-Milli Məclis səviyyəsində. Onun istefasını tələb etmişdim. Onu istefaya çağırmışdım-Azərbaycanın dövlətçiliyi naminə. Ancaq o, əksinə, ”timsah təbəssümü" ilə yenə də öz işləri ilə məşğul idi və orada hətta ayrı-ayrı vəzifələrə gedənlərdən pul alınır, rüşvət əldə edilir, rüşvət götürülür, nazirliyə ayrılan pullar ən müxtəlif şəkildə silinir, korrupsiya adi hal almışdı. Başqa bir tərəfdən isə Məmmədyarov yumşaq, malalayıcı fəaliyyəti ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini daha kəskin notlarla dünya ictimaiyyətinə çatdırmaqda acizlik göstərən bir mövqe nümayiş etdirirdi".

Əksəriyyət bu qənaətdədir ki, artıq E.Məmmədyarovun bu kürsüdə qalması mümkünsüz hesab olunur. Xüsusən Mədəniyyət Nazirliyindəki əməliyyatdan sonra Əbülfəs Qarayevin nazir vəzifəsindən azad edilməsi bu qənaəti formalaşdırır. Ancaq təbii ki, son sözü ölkə rəhbəri deyəcək.

Bununla belə, artıq yeni nazirin axtarışına çıxanlar var. Hesab olunur ki, DTX-nın XİN-də keçirdiyi məlum əməliyyat nazirin karyerasını bitirib. Bəs Məmmədyarovun xələfi kim ola bilər? Bu sırada müxtəlif adlar çəklilir, o cümlədən 1991-ci ildən diplomatik xidmətə qəbul olunan, 1991-1992-ci illərdə nazirliyin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışan, 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyən Pərviz Şahbazovun adı hallanır. Bu barədə NUH İnformasiya Agentliyi yazıb. P.Şahbazov 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri, 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub. 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib. İngilis, alman və rus dillərini bilir.

Ancaq yeni xarici işlər naziri kimi daha çox Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şanslı olduğu ciddi ekspertlər tərəfindən deyilir. H.Hacıyevin gənc, intellektli olması, bir neçə dildə səlis danışması, beynəlxalq tədbirlərdə Azərbaycanın dövlət marağını kifayət qədər yüksək səviyyədə müdafiə etməsi, həmçinin XİN-də işlədiyi dövrdə dövlət başçısının etimadını qazanması və irəli çəkilməsi faktdır. Bu mənada yeni nazir kimi məhz cənab Hacıyevin adı çəkilir.



Deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Məlumdur ki, Xarici İşlər Nazirliyi ən strateji əhəmiyyətli dövlət qurumlarından biridir və dövlətin xarici siyasətinin tənzimlənməsini bilavasitə həyata keçirir. Nazir Elmar Məmmədyarov öz vəzifəni hazırda icra edir, onun vəzifədə qalıb-qalmaması cənab prezident İlham Əliyevin sərəncamı ilə həll edilir. Yəni bu gün kimin təyin ediləcəyi, kimin daha layiqli olması məsələsindən danışmaq tezdir. Bunu zaman göstərəcək və təbii ki, istintaqın gedişi də mühüm rol oynayacaq”.

Bu mənada A.Nağıyev konkret ad çəkmədi: “Azərbaycanda kifayət qədər öz işini bilən, peşəkar, xarici siyasəti və bunun prioritet istiqamətlərini bacaran kadrlar var. Bir daha qeyd etmək istəyirəm ki, vəzifəyə təyinat da, azad etmə də cənab Prezidentin səlahiyyətidir”.



Politoloq Elxan Şahinoğlu isə qəzetimizə dedi ki, E.Məmmədyarovun xarici işlər naziri olaraq fəaliyyəti ölkəmiz üçün faydalı deyil: “Birinci, ölkəsini təmsil edən baş diplomat ana dilini mükəmməl bilməlidir. Onun ana dilini bilməməsini bizdən başqa təmasda olduğu həmkarları da bilir və təəccüblənirlər. Söhbət etdiyim necə xarici diplomatdan bu sualı eşitdikdə hər dəfə xəcalət çəkmişəm: ”Xarici işlər naziri necə ola bilər ki, öz ana dilində danışa bilmir?" Elə tək bu səbəbə görə Elmar Məmmədyarovun Azərbaycanı dünyada təmsil etməsi doğru deyil. Rusdilli nazir Xarici İşlər Nazirliyində özgə dilin geniş yayılmasına da şərait yaradıb. Yaxşı yadımdadır, 2000-ci illərdə xarici işlər naziri Vilayət Quliyev idi. Jurnalist işlədiyim dövrdə ondan geniş müsahibə götürdüm. Müsahibə çalışdığım qəzetin 3 sayında yayınlandı. Vilayət Quliyev suallara elə cavab vermişdi ki, heç bir redaktəyə ehtiyac qalmamışdı. Vilayət Quliyev milli nazir idi. Elmar Məmmədyarovun isə bu illərdə Azərbaycan dilində geniş müsahibə verdiyini müşahidə etmədim. Müsahibələrini ancaq rus dilində verir. Bu bizə başucalığı gətirmir. Ana dilini bilmədiyinə görə bircə dəfə parlamentdə də çıxış edib millət vəkillərinin suallarına cavab verməyib. Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın mövqeyini lazımınca təmsil edə bilmir. Onun danışıqlarda sərt mövqe sərgilədiyini düşünmürəm. Erməni nazir danışıqları uzadır, çünki status-kvonun uzanması işğalçının xeyrinədir. Elmar Məmmədyarov isə buna qarşı tutarlı arqument ortaya qoya bilmir".



E.Şahinoğlu bildirdi ki, münaqişənin həlli bir tərəfə, Minsk Qrupu həmsədrləri ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonların məskunlaşdırılmasına, Şuşa, Kəlbəcər və Laçında müəssisələr açmasına səssizdirlər: “Halbuki özlərinin hazırladıqları müxtəlif planlara görə, Dağlıq Qarabağın ətrafı boşaldılmalıdır. Məmmədyarov niyə həmsədrlərin yaxasından yapışmır ki, niyə erməniləri bu qədər cəsarətləndirmisiniz? Və ya işğalçı dövlətin baş naziri gəlib Şuşada andiçmə mərasimi keçirir. Məmmədyarovun bu məsələ ilə bağlı da həyəcan təbili çaldığını duymadıq. Nəhayət, Elmar Məmmədyarovun iki oğlunun Amerika vətəndaşı olması və bu ölkədə bahalı mülklər alması da ciddi araşdırılmalıdır. Məmmədyarov övladlarının dünyanın ən bahalı şəhəri olan Nyu-Yorkda hansı pulla milyonlarla dollara mülk almalarını izah etmədi. Milli və dövlət maraqlarını müdafiə etməli olan nazirin övladları vətənlərində yaşamaq istəmirlərsə, bunun özü böyük qüsurdur. Mətbuatda və sosial şəbəkələrdə qaldırılan bu suallara cavab vermək əvəzinə, nazir mətbuat katibi vasitəsilə bu haqda yazanları hədələdi ki, kim bundan sonra onun övladlarının milyon dollarlıq mülkləri barədə yazsa, onları Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edəcək. Halbuki Təhlükəsizlik Xidməti birinci elə Məmmədyarovun oturduğu binaya təşrif buyurdu”.

Politoloqun fikrincə, Təhlükəsizlik Xidməti nazirin maliyyə imkanlarını araşdıracaq: “XİN-də korrupsiya hallarının aşkar olunması Məmmədyarova ciddi zərbədir. Bundan sonra onun nazir kimi vəzifəsinə davam etməsi doğru deyil. Cənab Məmmədyarov Prezidentin qərarını gözləmədən istefa verməlidir. Digər tərəfdən, Məmmədyarovun ölkəni tərk etməsinə icazə verilməməlidir. Dövlət sirlərini bilən şəxsin rəhbərlik etdiyi qurumda korrupsiya faktları varsa, həmin qurumda dövlətə xəyanət də baş verə bilər. Xarici İşlər Nazirliyi yenidən qurulmalıdır. Nazirliyə milli ruhlu kadrlar cəlb olunmalıdır. Təəssüf ki, XİN-də uzun illərdə qohumbazlıq prinsipləri üstün tutulub. Nadir hallarda öz gücünə və savadına güvənən birisinə irəliləmək imkanı veriblər”.

E.Şahinoğlu konkret ad çəkdi: “Prezidentin köməkçisi Hikmət Hacıyev həmin nadir diplomatlardan biridir ki, öz gücünə və savadına güvənərək mühüm posta layiq görülüb. Fikrimcə, o, Elmar Məmmədyarovu əvəz edə bilər. Erkin Qədirli də yaxşı nazir ola bilər. Milli, savadlı və xarici dilləri mükəmməl bilir”.



Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirdi ki, yeni nazir gənc olmalıdır: “Cavan adam, təzə baxışlarla gəlməlidir. Amma ölçü götürülməlidir. Həm nazirliyin daxilində, həm də nazirlik barəsində yaranan bu mənfi əhval-ruhiyyə aradan götürülməlidir və orda ciddi tədbirlər görülməlidir. İlk növbədə kadr islahatları aparılmalıdır. Nazirliyin əməkdaşları Qarabağla məşğul olmalıdır, peşəkar səviyyələrini qaldırmalıdırlar”.

Eks-nazir vaxtilə rəhbərlik etdiyi qurumda baş verənlərə görə təəssüfləndiyini ifadə etdi: “Bu cür hadisələr müxtəlif dövlətlərdə və nazirliklərdə olur. Ələlxüsus müxtəlif sahələrdə göz qabağında baş verən proseslərdir ki, Bakıda da işləyən səfirlərin bir çoxu birbaşa insanlarla işləmir, hansısa şirkətlər vasitəsilə işləyirlər. Bunun əsasında isə pullar yığılır və s. Bu hallar, yəni maliyyə pozuntuları və s. çox yerlərdə var. Deməyim odur ki, nadir hadisə deyil, iri dövlətlərdə də belə şeylər olur. Lakin müharibə aparan ölkədə belə halların olması heç də xoşagələn deyil. Çünki istər-istəməz XİN-in işçilərinin demək olar ki, hamısı elə bil cəbhədədirlər. Yəni bəlkə də görünməyən bir cəbhədə bu cür insanların ortaya çıxması, nazirlikdə belə əhval-ruhiyyənin olması, rüşvətxorluq və s. məsələlər təbii ki, qəbulolunmazdır”.

Səslənən fikirlərlə bağlı XİN-in, cənab E.Məmmədyarovun da mövqeyini dərc etməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu