Deputat DTX-nin XİN-də keçirdiyi əməliyyatdan danışdı
"Bu qurumda bizim müəyyən dərəcədə sıxıntılarımızın olması ölkənin təhlükəsizlik baxımından narahatedici amillərindən biridir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatdan danışarkən deyib. Deputat XİN-də keçirilən əməliyyatı normal hesab etdiyini bildirib:
"Harada korrupsiya, qanun pozuntuları var Dövlət Təhlükəsizlik orqanlarının fəaliyyəti olduqca təqdir olunandır. Bu məsələlər ümumi proseslərin ancaq xeyrinədir. Çünki həqiqətən də ölkədə korrupsiyaya qarşı bir müabrizə başlanılıb və proses gedir. Bu baxımdan da mən normal qəbul edirəm. Çünki Xarici İşlər Nazirliyi strateji əhəmiyyət daşıyan bir qurumdur. Bu qurumda da bizim müəyyən dərəcədə sıxıntılarımızın olması ölkənin təhlükəsizlik baxımından narahatedici amillərindən biridir. Ölkə prezidentinin də korrupsiyaya qarşı mübarizə kursunun qətiyyətlə davam etdirdiyinin göstəricisidir".
Mədəniyyət Nazirliyində baş verən proseslər Xarici İşlər Nazirliyində də təkrar oluna bilərmi, sualına deputatın cavabı belə oldu:
"Mümkündür, bu da ola bilər".
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Xarici İşlər Nazirliyində əməliyyat keçirib. XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.