Avtomobil yollarına sərf edilən milyardlar - Uzun, incə(?!) bir yol...(II YAZI)


Avtomobil yollarına sərf edilən milyardlar -



Neft gəlirlərinin sürətli axını başlanandan indiyədək Azərbaycanda ən çox vəsait sərf olunan infrastruktur sahələrindən biri, bəlkə də birincisi avtomobil yollarının tikintisi və təmiridir. 2005-ci ildən indiyədək ölkədə yeni avtomobil yollarının tikintisi, mövcud yolların yenidənqurulması və təmirinə on milyardlarla manat dövlət və kredit vəsaitləri yatırılıb.



Bu vəsaitlərin xərclənməsi xeyli müddət Nəqliyyat Nazirliyinin rəhbərliyi altında həyata keçirilib. 2015-ci ilin dekabrında prezidentin sərəncamı ilə “Azəryolservis” ASC bu nazirliyin tərkibindən çıxarılaraq müstəqil fəaliyyətə başlayıb. 2017-ci ildə isə daha geniş səlahiyyətlər alaraq publik hüquqi şəxsə çevrilib. Nizamnaməsində əksini tapan bu səlahiyyətlərə əsasən agentliyin fəaliyyət istiqamətlərinə uyğun, yol təsərrüfatı üçün zəruri olan xammalın və materialların istehsalını və satışını həyata keçirmək, Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizində və alternativi olan digər avtomobil yollarında ödənişli avtomagistralların, körpülərin, tunellərin və digər yol qurğularının təşkili və istismarı ilə bağlı təkliflər vermək; avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirmək; Azərbaycan Respublikasında və xarici dövlətlərdə avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün layihəçi və podratçı təşkilatların seçilməsi məqsədi ilə keçirilən tenderlərdə (müsabiqələrdə) müvafiq qanunvericiliyə uyğun olaraq iştirak etmək hüququ da verilir.
Bundan əlavə, agentlik avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi, bərpası, təmiri və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi zamanı texniki və müəllif nəzarətini həyata keçirir; körpülərin və digər yol qurğularının texniki sınağını keçirir, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının texniki pasportunu tərtib edir.
Nəhayət, yeni quruma sahibkarlıqla məşğul olmaq hüququ verildiyinə görə onun maliyyələşmə mənbələrinin sayı da artırılıb. Belə ki, nizamnaməsinə görə, agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
Ölkənin yol təsərrüfatına aid olan bütün yerli subyektlər Agentliyin tabeliyinə verilib. Hər biri ayrıca hüquqi şəxs olan bu subyektlərin (cəmi 103 ədəd) nizamnamə kapitalının həcmi 713 milyon 105 min 315,00 manat təşkil edir. 2017-ci ildə isə nizamnamə kapitalının həcmi 644 milyon 987 min 156,00 manat olub.

əvvəli BURADA

Hesablama Palatası xəbərdarlıq edib ki...

AAYDA-nın Avtomobil Yolları Məqsədli Büdcə Fondu vəsaitlərinə “isti” münasibəti Hesablama Palatasının da diqqətindən yayınmayıb. Belə ki, Palata 2019-cu il üzrə büdcə layihəsinə dair rəyində bu Fondun vəsaitlərinin xərclənməsi üzərində effektiv nəzarətin yaradılması zərurətini qeyd edib.
Rəydə qeyd edilir ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu və nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu (eləcə də yalnız 2017-ci il üzrə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilən inzibati cərimələr) kimi müstəqil mədaxil mənbələrindən başqa dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsaitlər hesabına da formalaşır: “Əlavə mənbə olaraq mərkəzləşdirilmiş gəlirlərdən ayrılan həmin vəsaitin məbləği 2016-cı il üzrə 26 milyon 300,0 min manat və 2017-ci il üzrə 103 milyon 300,0 min manat məbləğində proqnozlaşdırılaraq tam həcmdə icra olunmuş, 2018-ci ilin gözlənilən icrası kimi 160 milyon manat təşkil etmiş, 2019-cu il üzrə isə 88 milyon 200,0 min manat məbləğində nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsaitin fondun ümumi gəlirlərinin tərkibində xüsusi çəkisi proqnoz göstəricilərinə əsasən 2016-cı il üzrə 10,1 faiz, 2017-ci il üzrə 34,8 faiz, 2018-ci il üzrə 43,0 faiz və 2019-cu il üzrə 27,4 faiz, icra göstəricilərinə əsasən isə 2016-cı il üzrə 10,0 faiz, 2017-ci il üzrə 32,6 faiz, 2018-ci ilin yanvar-avqust ayları üzrə təxminən 40,0 faiz təşkil etmişdir. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri üzrə proqnoz və icra göstəricilərinin müqayisəsi müstəqil mədaxil mənbələri üzrə proqnozların artıqlaması ilə yerinə yetirilməsini göstərir. Belə ki, yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu və nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu (eləcə də yalnız 2017-ci il üzrə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilən inzibati cərimələr) üzrə ümumi gəlirlərin proqnoza qarşı icrası vəziyyəti 2016-cı ildə 234 milyon 700,0 min manata qarşı 236 milyon 97,5 min manat və ya 100,6 faiz, 2017-ci ildə 193 milyon 700,0 min manata qarşı 213 milyon 156,6 min manat və ya 110,0 faiz, 2018-ci ilin yanvar-avqust ayları üzrə isə 138 mioyon 440,0 min manata qarşı 159 milyon 418,0 min manat və ya 115,2 faiz təşkil etməklə proqnozdan artıq toplanıb. Proqnozdan artıq toplanmış məbləğlər fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş gəlirlər və xərclər smetasında nəzərdə tutulmayan (əvvəlcədən nəzərdə tutulmamış) maliyyə vəsaitinin həcmini göstərir. Qeyd etmək lazımdır ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir, eyni zamanda 5.5-ci maddəsinə əsasən isə məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir və onların hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait müvafiq büdcələrə qaytarılır. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirlərinin hər iki formada (müstəqil mədaxil mənbələri və dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan əlavə vəsaitlər) maliyyələşdirilməsini nəzərə alaraq istifadə olunmamış vəsait qalıqlarının xəzinədarlıq vasitəsilə uçotunun ümumilikdə (vahid qalıq kimi) deyil, ayrı-ayrılıqda aparılması, eyni zamanda müstəqil mədaxil mənbələri üzrə proqnozdan artıq yığılan gəlirlərin hesabına dövlət büdcəsindən ayrılan vəsaitlərə qənaət olunması mexanizminin yaradılması büdcə intizamının daha da gücləndirilməsi baxımından məqsədəmüvafiq hesab edilir. Nəzərə alınmalıdır ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitlərinin sərəncamçısı olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin maliyyə vəsaitlərinin istifadəsi prosesində eyni zamanda həm podratçı, həm də balanssaxlayıcı tərəf kimi çıxış edir. Yəni mövcud yol infrastrukturunun təmiri işlərinin, yeni yolların salınması layihələrinin icrası, eləcə də həmin işlərin uçota alınması (qəbul edilməsi) və saxlanılması eyni hüquqi şəxs (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən həyata keçirilir ki, bu da malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin yerinə yetirilməsi) prosesində kommersiya fəaliyyətinin əsaslarını təşkil edən və qarşılıqlı nəzarəti təmin edən sifarişçi-icraçı (podratçı) prinsipinin pozulması və gəlirlərin qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilərə (əlavə dəyər vergisinə və mənfəət vergisinə) cəlb olunmaması ilə nəticələnir. Digər tərəfdən, gəlirdən çıxılan xərclərin vergi qanunvericiliyinə uyğun olaraq məhdudlaşdırılması normalarının gözlənilməməsi maliyyə uçotu intizamının da pozulmasına səbəb ola bilir”.
Göründüyü kimi, Hesablama Palatası Fond vəsaitlərinin xərclənməsində maraqlar toqquşması amilini önə çəkərək, bu sahədə maliyyə intizamının gücləndirilməsini məqsədəuyğun hesab edir.
Onu da qeyd edək ki, bu ilin büdcəsindən Avtomobil Yolları Məqsədli Büdcə Fonduna 322 milyon manat daxil olması nəzərdə tutulur. AAYDA-nın büdcədən alacağı bununla məhdudlaşmır. Belə ki, 2019-cu il büdcəsindən “Digər xərclər”ə 1 milyard 826 milyon 174,9 min manat məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 361 milyon 593,6 min manatı yolların əsaslı təmirinə ayrılıb.
Bunlardan əlavə, nəqliyyat infrastrukturuna 2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə 1 milyard 598,4 milyon manat və xarici kreditlər hesabına 874 milyon manat olmaqla ümumilikdə 2 milyard 472,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bunun mühüm bir hissəsi də AAYDA-ya çatacaq.

Ağlamağa göz istəyən "maliyyə hesabatlılığı"

AAYDA-nın İnternet saytında onun maliyyə hesabatları yerləşdirilib. Hesabatları fiziki şəxs olan müstəqil auditorlar hazırlayıb. Təsəvvür etmək çətindir – illik büdcəsi 1,5 milyard manata yaxın olan, tərkibində 103 çoxmilyonlu büdcəyə malik strukturları fəaliyyət göstərən bir qurumun maliyyə fəaliyyətini 1 nəfər audit edir! Bu auditin nə qədər keyfiyyətli həyata keçirildiyini saytda yerləşdirilən hesabatdan aydın görmək olur: hesabatlar nəinki Agentliyin maliyyə fəaliyyətinə işıq salır, əksinə, ictimai əhəmiyyət kəsb edən, fəaliyyəti qiymətləndirmək üçün zəruri olan məlumatlar mümkün olan qədər gizlədilib.
Qeyd edək ki, AAYDA-nın mühasibat uçotu “Mühasibat uçotu haqqında” qanunda publik hüquqi şəxslər üçün nəzərdə tutulan müddəalara uyğun aparılmalıdır. Həmin qanuna əsasən publik hüquqi şəxslər maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etməlidilər. Qanunda açıq qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təsisçiyə təqdim edirlər. Bundan əlavə, “Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslər (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər”. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla), habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər.
AAYDA-nın Nizamnaməsində qeyd olunur: “Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir”.
Reallıqda nizamnamənin və qanunun tələblərinə nə qədər əməl olunduğunu Agentliyin saytında açıqlanan hesabatlar əsasında müəyyənləşdirmək çətin deyil.
Yeri gəlmişkən qeyd edək ki, Hesablama Palatasının 2018-ci il üzrə büdcənin icrasına dair rəyində publik hüquqi şəxslərlə bağlı xüsusi tövsiyə əksini tapıb. Palata “Dövlət büdcəsindən publik hüquqi şəxslərə vəsaitlərin ayrılması zamanı həmin təşkilatların xüsusi vəsaitlərinin nəzərə alınması ilə bağlı nəzarətin gücləndirilməsi, ümumiyyətlə, bu qurumların dövlət sifarişləri əsasında göstərilən xidmətlərə əsaslanan maliyyələşmə mexanizmlərinin hazırlanması, eyni zamanda, publik hüquqi şəxslərin dövlət büdcəsi vəsaitlərindən kənar fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamələrində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərinin artırılması istiqamətində tədbirlərin görülməsi”ni zəruri hesab edir.

Ən böyük yol layihəsi – 10 il əvvəl tikilən yenidən tikilir...

AAYDA-nın hazırda icra etdiyi ən böyük layihələrdən biri Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisini nəzərdə tutur. 2018-ci ilin fevralında Prezidentin sərəncamı ilə bu yolun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150,0 (yüz əlli) milyon manat ayrılıb.
Agentliyin sədri Saleh Məmmədovun mətbuata verdiyi məlumata görə, dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq.
Ötən ilin mayında növbəti sərəncamla Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,1 milyon (yeddi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ayrılan vəsaitlər hesabına yolun 11-18-ci km-lik hissəsinin təmiri işləri davam edir. AAYDA-nın yaydığı məlumata görə, təmir işləri 18-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində, daha dəqiqi Xırdalan dairəsinə qədər olan hissəsində aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun hissə-hissə görülür: “Qeyd edək ki, yolun uzun müddət (2008-ci ildən) istismar olunmasına baxmayaraq təmir olunmaması, asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən üst qatının aşınmaya məruz qalması səbəbindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-18-ci km-lik hissəsinin təmirinə ehtiyac yaranmışdı”.
Hesablama Palatasının 2018-ci ilin büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna əsasən “Əsas bölmələrə aid edilməyən sair xərclər” köməkçi bölməsi üzrə İslahatlarla bağlı xərclərin ödənilməsinə 833 milyon 700,0 min manat ayrılması təsdiq edilib. İcra prosesində həmin məbləğ 31000,0 min manat artırılıb, lakin yekunda 825 milyon 858,2 min manat və ya 95,5 faiz icfa olunub. Bu vəsaitin 27,4 faizi – 226 milyon 285,14 min manatı Bakı-Rusiya Federasiyası yolu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qeyd edək ki, Bakı-Rusiya sərhədi avtomobil yolu 2007-2009-cu illərdə dövlət büdcəsi və xarici kreditlər hesabına yüz milyonlarla manat xərclənərək tikilmişdi....

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu