Qəzaya düşən İH əməkdaşları Vardanyanın məhkəməsindən qayıdırlarmış

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları mayın 6-da Ruben Vardanyanın məhkəməsindən qayıdarkən Hacıqabul rayonu ərazisində qəzaya düşüblər.
Yağışlı hava şəraitində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan Tərtər rayon Umudlu kənd ərazi nümayəndəsinin müavini Qurbanzadə Bəhruz Aprel oğlu, Qızıloba kənd ərazi nümayəndəsinin müavini Əliyeva Rübabə Cavanşir qızı, Çaylı kənd ərazi nümayəndəsinin müavini Abdullazadə Anar Allahverən oğlu, həmçinin, Əzimova Zəminə Məhəmməd qızı, Tahirova Kəmalə Sabir qızı, Aslanova Ləman, Ələkbərova Vüsalə və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşının oğlu Paşayev Ziya Zabil oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Baş vermiş hadisə zamanı xəsarət alan B.Qurbanov, A.Abdulllazadə, K.Tahirova, Z.Əzimova Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə edlib. Digər xəsarət alan Rübabə Əliyevanın vəziyyəti ağır olduğundan Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan şəxslərə isə yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
****
Hacıqabul rayonunda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb.
AFN.az Musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər Rayon İcra Hakimiyyətinin işçiləridir.
Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər RİH-nin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı əməkdaşlar xəsarət alıblar.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar və orada müalicə olunurlar.
Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, həmin şəxslər hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar və tədbir bitəndən sonra rayona qayıdırlarmış.