İsveçrə ABŞ-la rüsumlarla bağlı razılaşma olacağına ümid edir

İsveçrə hakimiyyəti ABŞ-la tariflər üzrə prinsipial saziş layihəsi üzərində işləyir və yaxın iki həftə ərzində sənəd layihəsini təqdim etmək niyyətindədir.
Bunu İsveçrənin maliyyə naziri və prezidenti Karin Keller-Sutter Berndə ABŞ-ın maliyyə naziri Skot Bessent ilə danışıqların yekunu üzrə mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, danışıqlar konstruktiv keçib. “Hər iki tərəf tez bir həll yolu tapmaq və razılaşmanın əldə edilməsi prosesini sürətləndirmək əzmindədir”, - deyə o bildirib.
Prezident vurğulayıb ki, İsveçrə Böyük Britaniyadan sonra ABŞ-ın tarif məsələsinin tənzimlənməsi ilə bağlı prinsip razılaşma əldə etdiyi ikinci ölkə olmaq niyyətindədir. "Bu məsələ ilə bağlı niyyət məktubunun layihəsi yaxın iki həftə ərzində təqdim edilməlidir", - deyə o əlavə edib.