“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun fəaliyyətinə dair qaydalar yenilənib


Nazirlər Kabineti “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 25 yanvar 2017-ci il tarixli qərarında dəyişiklik edib.


Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra Qaydalar avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsini də əhatə edəcək.

Fondun əsas məqsədi isə ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı üçün onların saxlanılmasını və təmiri ilə yanaşı, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsi olacaq.

Bundan başqa, bundan sonra Fond avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 3.1.1-ci maddəsinə uyğun olaraq, avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsinə də xərc çəkəcək.

Yeni istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər büdcə ili üçün təsdiq etdiyi Fondun Xərclər smetasına əsasən həyata keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu