"Bu, Rusiya dövlətinin sarsılması deməkdir" - ŞƏRH


Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden arasında telefon görüşü baş tutub. Zelenski rusların hərbi hərəkətliliyi barədə məlumat verib, Bayden isə Ukraynaya dəstəyə davam etdirəcəklərini bildirib. NATO və ABŞ Ukraynanın yaninda olduqlarını açıqlayıb.

Rusiya qətiyyətlə bəyan edib ki, NATO qoşunları Ukraynaya girsə, bu, Ukraynanın məhvi deməkdir. Rusiyadan Ukrayna sərhədlərinə dayanmadan hərbi texnika daşınır. Hətta Rusiya S-300 raket komplekslərini də Donbas bolgəsinə göndərib.

Bütün risklərə baxmayaraq, Ukrayna Rusiya tərəfindən işğal olunmuş torpaqlarını geri almaq üçün hərbi antiterror əməliyyatına başlayacağını bildirib. Bir çox ekspertlər bu böhranın söz savaşından o yana keçməyəcəyini, bir çoxları isə müharibənin qaçılmaz olduğunu deyirlər.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü HİT.Az-a açıqlamasında bildirib ki, Rusiya imperiyası bu toqquşmadan çox ağır duruma düşə, dağılma həddinə qədər gələ bilər:

“Vəziyyət çox qəlizdir. Ukrayna çox böyük sınaq qarşısındadır. Qarşıda Rusiya, arxada torpaq itkisinin, suverenliyin pozulmasının yaratdığı əskiklik var. Rusiya ilə döyüşmək asan deyil. Amma bu işin, Ukraynanın ərazi bütövlüyünün bərpasının müharibəsiz başa gələcəyi də inandırıcı görünmür. Bu müharibədə Azərbaycan dövləti Rusiya reallığını nəzərə alıb açıq şəkildə Ukraynanı dəstəkləyə bilməsə də, biz ictimaiyyət olaraq tərəfimizi bəlli etməli, Qarabağ müharibəsində yanımızda olan Ukraynadan tərəf olmalıyıq. Ukrayna heç bizə dəstək verməsə də, onu dəstəkləməliydik. Çünki Rusiyanın imperiya ambisiyalarından 220 ildən artıqdır ən çox əziyyət çəkən xalq bizik. Rusiyanın ən pis halda zəifləməsini, ən yaxşı halda dağılmasını istəməyimizdə də təəccüblü heç nə yoxdur.

Əgər beynəlxalq birlik ikiüzlülük etməsə, Ukrayna ordusu qəhrəmancasına döyüşsə, ərazi bütövlüyü təmin ediləcək. Ukrayna qalib gələrsə, Rusiyanın imperiya ambisiyaları, hərbi gücü növbəti (ilk Qarabağda oldu) dəfə ağır zərbə alacaq. Dronlar bu dəfə də lazımi nəticə göstərsə, bu, rus hərbi sənayesinin, dolayısıyla rus dövlətinin sarsılması deməkdir. Bundan başqa, baş verənlər Rusiyanın təklənməsini daha da sürətləndirəcək.

Bir sözlə, Ukrayna həlledici zərbə vura bilərsə, iddiaları imkanları ilə üst-üstə düşməyən Rusiya imperiyası bu toqquşmadan çox ağır duruma düşə, dağılma həddinə qədər gələ bilər. Dəstəyimiz, hətta bir qədər qəribə görünsə, dualarımız da özünü slavyan Rusiya ilə deyil, türklük ideologiyalı Ukraynadan tərəf olmalıdır. Ukrayna dövlətinə ərazi bütövlüyünü bərpa etmək, xalqına isə qələbə arzulayıram”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu