Rəqəmsal kənd təsərrüfatı bu sektorun inkişafına yardım edəcəkmi? - MÜZAKİRƏ

Ölkədə rəqəmsal kənd təsərrüfatının tətbiqi ilə bağlı layihənin həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə quraşdırılan iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar ilk pilot layihə həyata keçirilir. Pilot layihə ilk dəfə Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında tətbiq olunub. Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən 5 stansiya fəaliyyətə başlayıb. Mart ayında iqlim stansiyalarının əhatə dairəsində olan kəndlərdə alma, gilas, nektarin və şaftalı sahələri üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında qeydiyyatda olan 5800-dən atıq fermerə baş verə biləcək risklər barədə SMS bildirişlər göndərilib. Eyni zamanda, risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı telegram kanalı yaradılıb. Ümumiyyətlə, bu gün rəqəmsal sistemin tətbiqinin kənd təsərrüfatının inkişafında hansı rolu olacaq və fermerlər buna nə dərəcədə hazırdır?
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev mövzu ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, ölkədə rəqəmsal kənd təsərrüfatı tədbirlərinin reallaşdırılması ilk növbədə əlaqələrin, informasiya bazasının möhkəmlənməsi, faktların əsaslandırılması və operativ qaydada həyata keçirilməsinə yönəldilib: “Bu məlumatların toplanması, hər bir sahədə işlərin gedişinin necə, hansı formada, nə vaxt reallaşdırılmasının bir göstəricisi olacaq. Bu gün informasiya əsridir, məlumatların təcili olaraq həyata keçirilməsi, həmin sahədə mövcud nöqsanların aradan qaldırılması vacibdir. Kənd Təsərrüfatı Nazirliyi xeyli müddətdir belə tədbirlərin keçirilməsinə başlayıb. Müəyyən sahələrdə, heyvandarlığın, meyvəçiliyin, bitkiçiliyin inkişafı üçün bir neçə ildir ki, bu tədbirlər keçirilir. Ancaq bunu daha da inkişaf etdirmək, sürətləndirmək lazımdır. Ümumilikdə bu tədbirlər ölkədə bilavasitə kənd təsərrüfatının inkişafına hesablanıb və hesab edirəm ki, müsbət nəticələrini göstərəcək”.
Millət vəkilinin sözlərinə görə, bunun üçün ilk növbədə fermerləri maarifləndirmək lazımdır: “Çünki bu gün bir çox fermerlər var ki, köhnə, primitiv üsulla işləyirlər. Onlar informasiya bazasını yaxşı dəyərləndirmirlər. Mən fermer tanıyıram ki, məşğul olduğu sahəni inkişaf etdirmək üçün məsələn, heyvandarlığı inkişaf etdirmək üçün xeyli imkanları var. O cümlədən, otlaq sahəsi, mal-qara kifayət qədər var. Ancaq müəyyən məsələlərdən, həyata keçirilən tədbirlərdən, dərman preparatlarının əhəmiyyətindən, istifadəsindən xəbərsizdir. Ona görə də elə hal olur ki, heyvandarlıqla məşğul olan bir fermerin 50 heyvanı birdən ölür. Çünki bu, lazımi vaxtda informasiya alıb, həmin heyvanlara tibbi baytarlıq tədbirlərinin görülməməsi nəticəsində baş verir. Ona görə də fermerlərin maariflənməsi çox vacibdir”. Millət vəkilinin fikrincə, fermerlərin əksəriyyəti müəyyən texnologiyalardan, yeniliklərdən xəbərsizdirlər, ona görə də istər heyvandarlıq, bitkiçilik, digər sahələrdə müəyyən problemlər yaranır: “Nəticədə isə problemlər yarandıqda bunu dövlətin üzərinə atırlar, onlara qayğısızlıq kimi qiymətləndirirlər. Əslində belə deyil. Xarici ölkələrin nümunələri var. Məsələn, hansısa bir fermer əgər heyvandarlıqla məşğul olursa, mütləq bir zootexnik, yaxud baytar həkimlə, yaxud orada həmin iqtisadi rəqəmlərin iqtisadi cəhətdən hesablanması üçün mühasiblə birlikdə çalışırlar. Yaxud bir neçə fermer birlikdə belə mütəxəssislər götürürlər. Ancaq bu bizdə yoxdur. Elə taxılçılarımız var ki, bir yerdə 5 il taxıl əkir. Bilmir ki, 3 ildən sonra hansısa bir sahəyə taxıl əkilərsə orada məhsuldarlıq ola bilməz. Yaxud hansısa bir sahəyə müntəzəm olaraq pambıq əkilməsi məhsuldarlığı xeyli aşağı salır. Bu gün ölkə başçısının, KTN-in qarşıya qoyduğu əsas vəzifə odur ki, növbəli əkinə keçək. Növbəli əkinə keçmək məhsuldarlığın artırılması üçün çox vacibdir. Hələ sovet dövründə də torpaq 1-2 il əkilirdisə, sonra dincə qoyulurdu, müəyyən minerallarla təmin olunurdu ki, gələcəkdə məhsuldarlıq əldə edilsin. Ancaq indi fermerlər, sahibkarlar bir çox hallarda o məsələləri bilmədiklərinə görə, həm də yeni yeni texnologiya ilə tanış olmadıqları üçün müəyyən çətinliklərlə qarşılaşırlar. Ona görə də ilk növbədə bu informasiyaları əldə etmək lazımdır. Mütləq onun yanında mütəxəssislər olmalıdır. Təəsüflər olsun ki, bizdə hələ də bu sahədə problemlər yaşanır. Kimsə bir sahəsi varsa özünü sahibi onun hesab edir və elə bilir ki, bütün tədbirləri özü həyata keçirsə daha yüksək gəlir əldə edə bilir. Orada mühasibi, aqronomu, iqtisadçısı, baytarı da özüdür və bu da bütün işlərə müəyyən qədər xələl gətirir”.
İqtisadçı-ekspert Akif Nəsirli bildirdi ki, rəqəmsal kənd təsərrüfatı ümumilikdə kənd təsərrüfatının inkişafı üçün çox vacib bir proqramdır: “Burada kənd təsərrüfatı məhsulunun iqlimdən asılı olaraq yetişdirilməsi, məhsulların vegetasiya, yemləmə dövrü, hətta yığılandan sonra məhsul bazarları barədə fermerlərə məlumat verilir. Yəni, bütün informasiya sistemi rəqəmsal mərkəzdən idarə olunur və bu çox yaxşı sistemdir. Ancaq məsələ ondadır ki, birinci kənd təsərrüfatının özünü, istehsalı yaratmaq lazımdır. Bu ona bənzəyir ki, bizim şam ağacı yoxdur, ancaq onu bəzəmək üçün işıqlar, oyuncaqlar alırıq. Çünki onlara pul xərcləmək lazımdır, burada da korrupsiya var. Bu konkret belədir”. Ekspertin sözlərinə görə, hazırda ölkədə kənd təsərrüfatı 2020-ci ilin nəticələrinə görə, tələbatı 40-45 faiz ödəmək qabiliyyətinə malikdir: “Bu o deməkdir ki, biz hələ istehsalı təşkil etməmişik. Bir müddət əvvəl soyuducular quraşdırmışdıq, rayonlarda 54 kənd kəsərrüfatı idarəsi üçün bina tikilmişdi, həmin idarələrədə çalışanlar, əmək haqqı alanlar var. Ancaq indiyədək kənd təsərrüfatı istehsalında artım olmayıb. Çünki ölkədə birinci işimiz kənd təsərrüfatının dirçəldilməsi, fermerlərin torpağa bağlanmasıdır, məhsul yetişdirmək həvəsinin olmasıdır. Yəni ilk olaraq ənənəvi kənd təsərrüfatını qurmalıyıq, ondan sonra rəqəmsal sistemə keçməliyik. Bu gün fermerin məhsul istehsal etməyə həvəsi, imkanı, əlində kapital yoxdur. Ən yaxşı halda pambıq istehsal edə bilir, çünki pambıq istehsalına gübrə, vəsait verirlər. Ancaq pambıqdan başqa digər sahələrin inkişaf etməsi üçün ölkə fermerinin əlində vəsait yoxdur. Elə bir vəziyyətdir ki, fermerə məhsul istehsal etmək səmərəli deyil. Elə əlində olan torpağı ya örüş kimi istifadə edir, yonca, yaxud pambıq istehsal edir. Axı bu gün ölkənin tələbatı ancaq pambıq, yonca, taxıla deyil. Bu ehtiyacları kim ödəməlidir, nə vaxta qədər bu məhsulları idxal etməliyik? Birinci növbədə ənənəvi kənd təsərrüfatını qurmalıyıq, sonra rəqəmsal sistemə keçməliyik. Bu, dövrün tələbidir. Ancaq rəqəmsal sistem xarabalıqlar üzərində deyil, istehsal üzərində qurulur ki, bu gün bizdə yoxdur”.
NİGAR