Ermənistandan deportasiya olunan azərbaycanlılarla bağlı BMT-də məsələ qaldırılacaq – sənədlər hazırlanır


1948-1953- cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların geri qaytarılması, onlara kompensasiya ödənilməsi məsələsi BMT qarşısında qaldırılsın. Günün mövzularından biri də budur. Bu cür təkliflər səsləndirən ictimaiyyət nümayəndələri hesab edirlər ki, belə bir məsələ qaldırıldığı təqdirdə cavabdeh də SSRİ-nin varisi Rusiya olmalıdır. Bu nə dərəcədə realdır?


Məsələ ilə bağlı AFN-in suallarını cavablandıran millət vəkili Musa Qasımlı bildirdi ki, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistan Respublikası ərazisindən 1948-53-cü illərə deportasiya edilmələri faktdır, buna dair sovet hökumətinin müvafiq qərarları var: “Həmin insanlar zorla və planlı şəkildə ata-baba evlərindən çıxarılıblar, bütün mülkləri Ermənistan ərazisində qalıb. İndiki şəraitdə bu məsələlər tarix olsa da, gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından BMT-nin müvafiq qurumları qarşısında qaldırıla bilər. İndiki Ermənistan Respublikası həm daşnak, həm də sovet Ermənistanının varisidir. Bütün bunlara görə həm də indiki erməni hökuməti məsuliyyət daşıya bilər. 1948-53-cü illər deportasiyası ilə bərabər 1988-ci ildən sonra qovulmuş azərbaycanlılarla bağlı məsələlər də gündəmə gələ bilər. Düşünürəm ki, vurulmuş ziyanın ödənilməsi ilə bağlı müəyyən fəaliyyətlər göstərilə bilər. Bütün bu təşəbbüslər nəticəsiz başa çatsa belə, dünya ictimai rəyinin formalaşması baxımından faydalı olar”.

Millət vəkili Anar İsgəndərov da bu fikirdədir ki, məsələ ilə bağlı faktları qladırmaq mümkündür: “Ancaq əks tərəfin, dünyanın buna reaksiyası və qanunlarda necə öz əksini tapdığı da əsas məsələdir. 1948-53-cü illərdə heç bir qanun, qayda gözləmədən, min illər boyu öz torpağının sahibi olan azərbaycanlılar dədə-baba yurdlarından qovulublar, çıxarılıblar, deportasiya olunublar. Azərbaycanın dövlət başçısı, ümumilli lider 1997-ci ildə azərbaycanlıların deportasiyası ilə bağlı sərəncam imzaladı və bu, tarixi sənəddir. Bu mübarizəni apara, həmin məsələləri ən nüfuzlu beynəlxalq təşkilatlar səviyəsinə çıxara bilərik. Ancaq nəticəsi necə olacaq, onu demək çətindir”. Millət vəkilinin sözlərinə görə, bu gün ən önəmli məsələlərdən biri də odur ki, 44 günlük müharibəni qələbə ilə başa vurduqdan sonra ermənilərin bizə vurduğu maddi ziyanla bağlı sənədləri dünyaya çıxartmaq istəyirik və bu bizim haqqımızdır: “Eləcə də 1948-53-cü illərlə bağlı azərbaycanlı əhaliyə qarşı ədalətsizlik olub. Bu sənədləri də biz ən nüfuzlu təşkilat olan BMT səviyyəsinə nəticəsindən asılı olmayaraq qaldıra biliriksə bu böyük uğurdur. Ancaq son istəyimizə çata bilməyimiz bu tamam başqa məsələdir. Hamı bilir ki, 1915-ci il 24 apreldə ermənilərə qarşı heç bir qətliam olmayıb, soyqırım həyata keçirilməyib, ancaq onlar dünyanı yalandan inandıra biliblər. Biz də öz həqiqətlərimizi dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik”.

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı bildirdi ki, İrəvan Türk Cümhuriyyəti yalnız bu məsələ ilə bağlı deyil, eyni zamanda digər sənədləri də BMT, beynəlxalq təşkilatlar səviyyəsində qaldırmaqdadır: “Bununla bağlı konkret müraciətlərimiz olub. Konkret olaraq 1947-ci il 23 dekabr tarixli SSRİ Nazirlər Sovetinin, Stalinin imzası ilə “Ermənistandan azərbaycanlıların Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi” barədə fərmanı olub. Bunu da 1948-53-cü illərdə həyata keçiriblər ki, bu deportasiya aktıdır. Yəni sadəcə köçürmə deyil, çünki köçürmə olarkən, əhalinin yerdəyişməsi baş verərkən xalqın rəyi nəzərə alınmalıdır. Bunlar nəzərə alınmayıb. Bununla bağlı biz ötən ilin dekabrında bəyanat imzalayıb BMT-nin baş katibi A.Quterreşə də göndərdik, hələ ki, ondan bir cavab almamışıq. Eyni zamanda həmin bəyanatı rus dilinə tərcümə edərək Rusiya prezidenti V.Putinə göndərmişik. Eyni zamanda buna məsul olan dövlətlər var ki, bu sənədlərdə Azərbaycan və Ermənistan SSR-nin imzası olub. İki sənəd olub -1947-ci il 23 dekabr sənədində insanların köçürülməsi, digəri isə 1948-ci il 10 mart sənədidir ki, burada əlavə tədbirlər nəzərdə tutulur. Biz bununla bağlı həm xalqı məlumatlandırmaq, həm beynəlxalq səviyyədə bu məsələni qaldırmağa çalışdıq, bu xalqın hüquq və azadlıqlarının pozulması ilə bağlı faktoru önə çəkdik. Kompensasiyanın ödənilməsi məsələsini də qoyduq”. Professor deyir ki, birinci növbədə bu sənədin ləğvinə çalışmalıyıq və sənədin ləğvi mümkün olarsa Ermənistanın həmin köçürülən bölgələrinə geri dönüş təmin ediləcək: “Əgər təmin edilməsə Ermənistan dövləti bununla bağlı kompensasiya verməlidir. Beynəlxalq təşkilatlatlar fərqli yanaşma nümayiş etdirirlər. Ona görə də biz bu məsələyə bir qədər fərqli yanaşacağıq. Belə ki, həm fərdi qaydada müraciətlər olunacaq, həm də Qərbi Azərbaycandan olan əhali topluluqlarının müraciəti olacaq. Hətta Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəyik. Yalnız bu sənəd deyil, 1918-ci il 29 may İrəvanın verilməsi, bundan başqa 1920-ci il 29 dekabrda Zəngəzurun verilməsi ilə bağlı sənədlər var. Sonra ayrı-ayrı yaşayış məskənlərimiz, kəndlərimizlə bağlı qərarlar var və bunlar hamısı qeyri-qanunidir. Bizim hüquq departamenti var, burada ən məşhur hüquqşünasları cəlb edərək bu sənədləri hazırlayırıq. Beynəlxalq səviyyədə, sivil qaydada, beynəlxalq hüququn imkan verdiyi şəkildə biz bunun üzərinə gedəcəyik. İrəvan Türk Cümhuriyyəti indiki Ermənistan ərazisini erməni torpağı saymır, onu Azərbaycan türklərinə aid ərazi hesab edir. Burada qeyri-qanuni bir dövlət qurulub, bu, zamanla faşist, mono-etnik dövlətə çevrilib”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu