Qabil Hüseynli: “Qərbi Azərbaycanda ən azı 6 dəfə deportasiya, soyqırım törədilib”
“Prezidentin Qərbi Azərbaycan mövzusuna bu qədər diqqət ayırması çox böyük təqdir olunur. Prezident artıq bu məsələnin beynəlxalq səviyyəyə çıxması üçün addımlar atdı, Qərbi Azərbaycan İcması yaratdı və bu qurumun fəaliyyəti üçün şərait yaradılması ilə bağlı konkret tapşırıqlar verdi. Bu, tarixi bir addımdır”.
Bu sözləri politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında deyib. Politoloq qeyd edib ki, vaxtilə Qərbi Azərbaycan torpaqlarında əsasən əhalinin 80 faizindən çoxu Azərbaycan türkləri olub:
“Həmin azərbaycanlılar İrəvan xanlığı, indiki Ermənistanın ərazisinə daxil olan Zəngəzur, Dərələyəz, Göyçə sakinləri olub. Yəni tarixi arxiv materialları onu göstərir ki, bizim müəyyən səhvlərimz ucbatımızdan çar Rusiyası erməniləri bu torpaqlara köçürüb, onlar da öz müqəddəratlarını təyin edib, Ermənistan dövlətini yaradıblar. İndi “özümə yer edim, gör sənə neyliyim” prinsipindən çıxış edərək, həmin ərazilərdə öz dövlətini yaratdıqdan sonra böyük ölçüdə müxtəlif qəyyum dövlətlərin dəstəyi ilə mərhələ-mərhələ azərbaycanlıların oradan deportasiya edilməsinə, qovulmasına başlayıblar. Qərbi Azərbaycan torpaqlarında ən azı 6 dəfə azərbaycanlıların sıxışdırılıb çıxarılması mərhələsi həyata keçirilib. Onların ən yadda qalanı isə 1905-07-ci ildə erməni-müsəlman davası kimi tarixə daxil olmuş dövrdə azərbaycanlıların kütləvi deportasiya olunması hadisəsidir. Daha sonra 1918-20-ci illərdə 100 minlərlə azərbaycanlı həm qətliama məruz qalıb, həm də öz ata-baba yurdlarından qovulub-çıxarılıb”.
Politoloq xatırladıb ki, ermənilərin Rusiyanın dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdiyi həm deportasiya, həm də soyqırım böyük bir ərazini əhatə edib:
“O cümlədən Türkiyənin Kars, İğdır, Güney Azərbaycanın Urmiya və digər bölgələrini əhatə etməklə, daha sonra Qərbi Azərbaycan ərazilərinə Azərbaycanın indiki torpaqlarından Gədəbəy, Gəncə quberniyası daxil, Neftçala və Salyan bölgəsindən başlayaraq, Qubanı da əhatə etməklə böyük bir coğrafi ərazini əhatə edib.
Böyük soyqırımda təkcə Bakıda 30 mindən çox insan qətlə yetirilib. Qubada azərbaycanlılarla yanaşı bizimlə hər zaman çiyin-çiyinə yaşamış dağ yəhudilərinə, ləzgilərinə də qarı eyni münasibət sərgilənib. Beləliklə, ermənilər həm deportasiya, həm də soyqırım siyasətini həyata keçirməklə bu ərazilərdə özlərini möhkəmləndirib, dövlətlərini qurublar. Bu deportasiyalar Sovet dövründə də həyata keçirilib. Vaxtilə 10 min kvadrat km. ərazidə öz müqəddəratını təyin edib, Ararat respublikası quran ermənilər 1933-34-cü illərdə artıq ərazilərini 29,8 min kvadrat/km-ə çatdırıblar ki, Paşinyan indi bundan çox böyük həvəslə danışır. Halbuki, o torpaqların hamısı Azərbaycan türklərinin məskunlaşdığı tarixi, əzəli torpaqlardır.
Bu gün artıq bizim əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsi gündəmdədir. Biz Ermənistana ərazi iddiaları irəli sürmürük, müxtəlif dövlətlərin onlara qazandırdığı torpaqları qəbul edirik, lakin oradan qovulmuş insanlarımızın öz yurd-yuvasına qayıtmasını tələb edirik. Buna görə də Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətindən bu tələbi haqlıdır, ədalətdir, bütün beynəlxalq hüquqlara uyğundur”.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edib.