Özbaşına “Göyçə Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb olundular
“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov, həmçinin “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyeva barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırmalar aparılıb. Müvafiq axtarışların həyata keçirilməsi, sorğulanmaları ilə əlaqədar hər iki şəxs istintaq orqanına cəlb olunub.
AFN.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda R.Talıbov və T.Çələbiyeva ilə əlaqə saxlanılması mümkün deyil.
Xatırladaq ki, 2022-ci ildə “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil).
Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi.
2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi tərəfindən Rizvan Talıbovun “Göyçə Zəngəzur Respublikası”na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayılmışdı.
Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi.
Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi.
Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika” prezidentliyindən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı.
Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.