Gürcüstan gərək Azərbaycanla münasibətlərinə çox həssas və diqqətlə yanaşsın - politoloq


AŞPA-nın yaz sessiyası başlayıb və dünən Ermənistanın təklifi ilə Azərbaycanda saxlanılan “əsirlər”lə bağlı məsələnin gündəliyə salınması üçün səsvermə keçirilib. Məsələnin plenar iclasda müzakirə edilməsinin lehinə 93 səs, əleyhinə 23 səs, bitərəf isə 18 səs verilib. Azərbaycanın mövqeyini 23 deputat dəstəkləyib. Onlar Türkiyə, Rusiya, Macarıstan və Serbiya olub. Maraqlı odur ki, Gürcüstan səsvermə zamanı Ermənistanın “əsirlərlə” bağlı Azərbaycanı ittiham etmələrinə dəstək ifadə edib. Gürcüstandan olan deputatların heç biri nəinki məsələnin gündəmə salınmasına qarşı çıxmayıb, hətta bitərəf belə qalmayıb. Bu, qonşu dövlətin ilk belə addımı deyil, oxşar mövqeni Gürcüstandan dəfələrlə müxtəlif məsələlərdə görmüşük. Gürcüstanın Azərbaycana qarşı belə mövqedən çıxış etməsinin səbəbi nədir?


Politoloq Tofiq Abbasov AFN-ə açıqlamasında bildirdi ki, Gürcüstanda Azərbaycanın 44 günlük müharibəsi ilə bağlı qələbəsi birmənalı qarşılanmayıb və bu faktdır: “Yəni bizim qələbəmizə sevinən qüvvələr də, sevinməyənlər də var idi. Gürcüstan özünü həm də kommunikasiyaların açılması ilə bağlı narahat hiss etməyə başlayb. Halbuki buna heç bir əsas yoxdur. Əksinə, bölgədə kilidlənmiş, bağlanmış kommunikasiyalar varsa gərək bütün subyektlərin hamısını narahat etsin. Gürcüstanda bu məsələ ilə bağlı elə bilirlər ki, Ermənistan Azərbaycan münasibətlərində yeni bir səviyyəyə çıxarsa, Gürcüstan bundan əziyyət çəkə bilər. Bundan başqa, bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfər etmişdi və orada bu məsələni önə çıxardı ki, guya Azərbaycan üçtərəfli bəyanatın müddəalarına əməl etmir, qaydaları pozur və əsirlərin mübadiləsinə əngəllər törədir. Mən belə düşünürəm ki, faktiki olaraq Gürcüstanı təmsil edən nümayəndə heyətinin üzvləri bilavasitə Tiflisdən təlimat alaraq belə bir mövqe tutublar. Bu anlaşılmazdır, destruktiv mövqedir. Gürcüstan gərək Azərbaycanla münasibətlərinə çox həssas və diqqətlə yanaşsın. Çünki Gürcüstanın faktiki olaraq büdcəsinə gələn vəsaitlərin bir çox hissəsi Azərbaycan tranzitlərindən gəlir”.
Politoloqun fikrincə, biz birinci dəfə deyil ki, Gürcüstan nümayəndələrinin beynəlxalq arenalarda anlaşılmaz və təhlükəli yanaşmalarının şahidi oluruq: “Digər tərəfdən, görürük ki, Gürcüstan özü üçün risklər törədir. Onlara elə gəlir ki, Azərbaycan istənilən halda onlardan asılıdır. Ancaq onu düzgün qiymətləndirmirlər. Azərbaycan heç bir tərəfdə, münasibətlərdə həddini aşmır. Ancaq Gürcüstan həddini aşaraq özü üçün təhlükəli bir şərait yaradır. Təbii ki, bölgəmizdəki kommunikasıyanın açılışından sonra yeni bir geoiqtisadi konfiqurasiya qurulacaq. Gürcüstan çox güman ki, bu məsələlərdən narahatdır, bədgümandır. Ancaq hər halda belə bir yanaşma rəsmi Tiflisə başucalığı gətirmir və eyni zamanda bizim ikitərəfli münasibətlərimizi şübhə altına alır. Azərbaycanın bu məsələ ilə bağlı Gürcüstana xatırlatma etmələrini hələ irəlidə görəcəyik. Çünki tərəfdaşlıqda, partnyorluqda, qarşılıqlı münasibətlərdə belə gedişlər heç vaxt yaddan çıxmır. Azərbaycan bu işdə heç vaxt Gürcüstanı Ermənistanın ayağına verməzdi. Ancaq Gürcüstan bizi ermənilərin ayağına verdi. Bu artıq bir ciddi siqnaldır ki, gələcəkdə rəsmi Bakı bu məsələ ilə bağlı Tiflisə həm etirazını bildirsin, həm də xatırlatsın ki, onlar bizimlə münasibətlərdən sui-istifadə etməsinlər. Bu yolverilməzdir. Hesab edirəm ki, Azərbaycan belə məsələlərdə həmişə prinsipiallığını saxlayacaq”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu