Qazinin qapıçısı


Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım.


İllər sonra əzəli zədəmə baxmayaraq, futbol oynamaq üçün yenidən forma geyinib meydana çıxdığım üçün YOX!...
Futbol həyəcanını yaşamaq, bir qapıçı kimi yenidən komandanın qala divarlarını qorumaq üçün YOX!...
Rəqiblərimin zərbələrini dəf edərək hər qaytarılan topun sevincini, buraxılan qolların məyusluğundan komanda yoldaşlarımın təsəllisini eşitmək üçün YOX!...

Darıxdığım idmanla məşğul olmaq, uzun fasilədən sonra əlcəklərimdəki tər qoxusunu yenidən duymaq, nəmli biləyimlə alnımdan axan damcıları tez-tələsik silib qapı xəttində baş verən mücadilədə müdafiəçilərə səslənmək üçün də YOX!....
Səbəb də tutarlı və əsaslı idi.

Bu dəfə mən torpaqlarımızın azadlığı uğrunda vuruşmuş qalib-qəhrəman-igid Vətən oğulları ilə futbol oynayırdım. Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyətinin komandası əsl qələbənin dadını çıxarmış, əzəli torpaqlarımızın ilıq nəfəsini yerində duymuş, doğma diyarımızın işığı ilə nurlanmış, -kobud da səslənsə deyəcəm- dığaların meyitlərinin üzərindən inamla addımlayaraq, Şuşayadək gedib çıxmış oğullarla bir meydanda futbol oynamaqdan qürur duyurdu. Bu bahadırları ilk dəfə görsəm də, inanın ki, mənə çox əziz və doğma gəldilər. Onların arasında əsgəri də vardı, giziri də, zabiti də, xüsusi təyinatlısı da...minada ayağını itirəni də...Mənim üçün isə onlar canlı əfsanələr idi...hamısı da Paşam qədər ali rütbəli, həmişəlik borclu qalacağım mənəvi qardaşlarım....

Nə qapını qorumağı düşünürdüm, nə oyunçularımıza səslənirdim, nə də həyəcanla zərbə gözləyirdim. Dünən mən qoruduğum qapıya tərəf inamla irəliləyən qəhrəman döyüşçülərin həmlələrinin canlı şahidi olmaqdan qürur duyurdum... Baxışlarındakı qətiyyət, səslərindəki coşqu, hücumlarındakı əzəmətin 2-3 addımlığında sevimli qardaşlarımın zədəli çiynimə vurulan dəstək jestlərindən, yıxılarkən onlara uzatdığım əlimə toxunan möhkəm qolların gücündən, qardaşlıq dəstəyindən, doğmalıqdan göyün 7-ci qatında idim. Həyatımda ilk dəfəi idi ki, buraxdığım toplardan məyus olmurdum, əksinə onların qol sevincini gödükcə ürəyim açılırdı.

Bəzən bunu özləri də sezirdilər... Axı, onlara rəqib ola bilməzdim... Mən sadəcə həmrəyliyimi nümayiş etdirmək, onlarla ünsiyyətin dadını çıxarmaq üçün futbol oynayırdım...

Minaya düşüb bir ayağını itirən adaşımın vurduğu zərbə isə həyatımda gördüyüm ən gözəl qol idi. Bu qol mübarək qədəmlərlə mənim qapıma vurulmuşdu. Bax buna görə də dünən dünyanın ən xoşbəxt adamı sandım özümü.

Bir tək Şuşa döyüşləri ilə qüdrətlərini bütün dünyaya bəyan edən, hərbi potensialları ilə dünyada hegemon dövlətlərin hərbi dərsliklərində tədris olunan Azərbaycan bahadırlarının hücumunu sizcə mən dəf etmək əzmindəydimmi?....Bunu fani dünyada bacaran kimsə varmı?
Biz sadəcə oynadıq. Çünki sözün əsl mənasında bundan sonra elə oynayan vaxtımızdı...Bundan sonra bizə oynamaq yaraşır, deyib-gülmək, yaşamaq-yaratmaq, igidlərimizi sevdirmək, həmrəy olmaq yaraşır. Bu sevgini, sevinci, qazilərimizə sonsuz eşqimizi övladlarımıza aşılayaraq onların vətənpərvərliyindən qürurlanmaq yaraşır. Övladlarımız demişkən, oğlum eşidəndə ki, atası gedir erməniləri öldürən əmilərlə futbol oynamağa hərbi köynəyini geyinib israrla onu da aparmağımı istədi. Qayıdanda da həmin əmilərin yanında oturduğunu, görüşdüyünü, oyundan sonra çay içdiyini ağız dolusu evdəkilərə danışmaqdan yorulmurdu.

Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım.
....Yenə belə oyun olsa mütləq iştirak edəcəm.

Bu dəfə qazi qardaşlarımın qapıçısı olacam!

P.S Başda Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyəti olmaqla, bütün təşkilatçılara dərin təşəkkürümü bildirir, komanda yoldaşlarıma isə növbəti oyunlarda yeni uğurlar arzulayıram.

Elnur Kələntərov,
DMX-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi


Qazinin qapıçısı





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu