Sənədləşmə zamanı bir çox obyektlər sökülə bilər - AÇIQLAMA


Sənədsiz evlərin sənədləşdirmə prosesi bu gün də aktualdır və bu istiqamətdə həyata keçirilən tədbirlər ictimaiyyətin, xüsusilə də evinin sənədləşməsində maraqlı olan sakinlərin diqqət mərkəzindədir. Hazırda evlərin sənədləşmə prosesi hansı mərhələdədir və həmin ərazilərdə fəaliyyət göstərən obyektlərin aqibəti necə olacaq?



Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AFN-ə açıqlamsında bildirdi ki, sənədsiz evlərin siyahıya alınması istiqamətində bir sıra işlər görülüb, invertarlaşma işi hələ tam yekunlaşmayıb: “Yəqin ki, tam yekunlaşdıqdan sonra qərarın qəbulu ilə bağlı məsələ də aktuallaşacaq. Bakı və Abşeron ərazisində təxminən 200 minədək, digər regionlarda 90 mindən artıq sənədsiz evlər inventarlaşdırılıb. Bu məsələ hesab edirəm ki, bütövlükdə Azərbaycanda sənədsiz ev probleminin tam olmasa da böyük olçüdə həllinə gətirib çıxaracaq. Eyni zamanda bunun tərkib hissəsi kimi gələcəkdə bu cür qanunsuz tikililərin ortaya çıxmasının qarşısını alacaq bir qərarın qəbul olunacağı da gözləniləndir. Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, konsepsiyaya əsasən paytaxt ərazisində, Bakı və Abşeron, eyni zamanda regionlarda mühafizə zolaqlarına düşən, söhbət yüksək gərginlikli elektrik xətləri, magistral qaz və neft-boru kəmərləri, magistarl su xətləri, dəmiryol və avtomobil yolları, yəni aktiv mühafizə zolaqlarına düşən , eyni zamanda aktiv mədən ərazisində yerləşən tikililərin sökülməsi , digərlərinin isə sənədləşməsindən ibarətdir”.

Ekspertin sözlərinə görə, konsepsiyanın qəbulunda əsas məqsəd ondan ibaraətdir ki, bu məsələ bilavasitə bir qərarla həll olunsun: “Yəni, əgər burada məsələ qoyulsaydı ki, vətəndaşlar qanunvericiliyin tələblərinə uyğun şəkildə prosesi yenidən həyata keçirməlidirlər, müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər, bu uzun bir proses olardı və hesab edirəm ki, problemin həlli demək deyil. Ona görə də hökumət hesab edir ki, prosesi tam olaraq, köklü şəkildə həll etməyin yeganə yolu, məhz bunu bir qərarla, necə ki, çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı ölkə başçısının 19 fevral 2019-cu ildə fərmanı oldu, ona oxşar bir qərarla tam olaraq həll etmək niyyətindədir”.

Sənədləşmə zamanı həmin ərazilərdə fəaliyyət göstərən obyektlərin taleyinə gəldikdə isə ekspert deyir ki, əsas prioritet əhalinin mənzil və qeydiyyat probleminin həll olunması məsələsidir: “Bu prioritet məsələ olduğu üçün düşünürəm ki, hökumət qeyri-yaşayış təyinatlı obyektlərin həmin proses çərçivəsində sənədləşməsini nəzərdə tutmur. Çünki bunlar kommersiya təyinatlı obyektlər siyahısına daxildir. Onların meydana gəlməsi, tikintisi, fəaliyyətə başlaması qanunvericiliyin tələblərindən kənar şəkildə həyata keçirilib. Yəqin ki, həmin obyektlərin mühafizə zolaqlarına düşən hissəsinin də söküntü məsələsi baş tutacaq, ancaq sənədləşmədə, kommersiya obyektləri ilə bağlı problem bu konsepsiyada öz həllini tapmayacaq. Sənədsiz obyektlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur. Hesab edirəm ki, onunla bağlı geniş şəkildə araşdırma, təhlil aparılmalıdır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu