Bayram günlərində rayonlara gediş-gəliş olmalıdırmı? - MÜZAKİRƏ
Hər bayram günlərində rayonlara gedənlərin sayında artım müşahidə edilir. Qarşıdan gələn Novruz bayramında da bu vəziyyətin yaranacağı şübhəsizdir. Lakin bu səfərlər koronovirusun yayılması üçün təhülkəli hesab edilir. Virusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın bayram günlərində bəzi məhdudlaşdırıcı tədbirlər görəcəyi fikirləri də səslənir.
Deputat Fazil Mustafa hesab edir ki, bayram günlərində rayonlara gediş-gəlişə imkan vermək lazımdır. Onun fikrincə bu, həmin günlərdə şəhərin bir az yüngülləşməsinə səbəb olar: "Bayram günlərində insanların qarşısını almaq olmur. Amma bütövlükdə elə etmək lazımdır ki, vətəndaşların hədsiz sıxıntılara düşməsinə imkan verilməsin”.
Ümumiyyətlə, bayramda rayonlara gediş-gəlişə icazə verilməlidirmi, veriləcəkmi?
TƏBİB-in mətbuat xidmətindən AFN-ə bildirildi ki, bu məsələlərlə bağlı qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir. Operativ Qərargahdan isə hazırda bu barədə hər hansı qərarın verilmədiyi deyildi: “Qərar çıxmalıdır. Rəsmi sənəd olmayınca heç nə deyə bilmərik”.
Rayonlara gedişin artacağı təqdirdə yaranacaq təhlükəyə gəldikdə, tibb üzrə ekspert Rasif Bağırov bildirdi ki, rayonlara gediş-gəliş üçün icazə verilə bilər: “Qaydalara, o cümlədən maskaya ciddi əməl etsələr, elə bir problem olmaz. Düzdür, müəyyən artım var, amma mən hesab etmirəm ki, bu, hansısa başqa prinsiplərlə bağlıdır. Maska taxmaqla bağlı yaranan zəiflik nətcəsində yayılmada bir neçə artım müşahidə edilir. Ancaq maska taxmağa əməl etsələr, güman edirəm ki, belə olmaz. Nəqliyyatda olan basabas nəticəsində yoluxma daha çox yayılır və bunu aradan qaldırsalar yoluxma çox olmaz”. Bölgələrə gəldikdə isə ekspertin sözlərinə görə, rayonun mərkəzində kimisə tutub cərimə edəndə, qorxudan maska taxmağa məcbur olurlar: “Ancaq kənddə polis, nəzarət olmadığı üçün əhali maskasız gəzir. Bir adamda olduqda bütün kəndə yayılır. Ona görə də bu proseslər ciddiləşdirilsə, güman edirəm ki, yayılmanın qarşısını xeyli almaq olar”.
Həkimin sözlərinə görə, rayonlarda insanların bu xəstəliyə hələ də inamı zəifdir: “Bizdə insanları inandırmaq bir az çətindir, məsələn, gözü ilə görür ki, xəstə öldü, yenə deyir nəsə bu başqa şeydir. Bundan artıq nə olacaq? Belə düşüncənin nəticəsidir ki, dünya xalqlarından geri qalmışıq. Bu qədər insanlar qırılır, gəlib deyirlər ki, bu xəstəlik görəsən var? Bu sualı verəndən sonra ondan nə gözləmək olar. Bu düşüncə tərzində olan insanların sayı çox olduğuna görə onlar özləri də yoluxur və başqalarını da yoluxdururlar”.
NİGAR