Sevimli işindən səhhətinə görə uzaqlaşmaq məcburiyyətində qalıb – usta ilə söhbət


Yaşı gənc olmasına baxmayaraq, tikinti sahəsinə olan həvəsi, marağı, ən əsası isə qabiliyyəti bu işdə uğur qazanmasına səbəb olub. Tikintiyə gəlməsi isə özünün dediyinə görə imkansızlıqdan olub.


Budəfəki həmsöhbətimiz Goranboy rayonundan olan usta Yunis Qurbanovdur. Rayonun Borsunlu kəndində doğulub boya başa çatıb və hazırda da burada yaşayıb işləyir. Çox gənc yaşlarından Gəncə şəhərində gedən tikinti işlərində əmək fəaliyyətinə başlayıb. Əvvəllər usta yanında fəhlə kimi çalışıb. Qısa müddət sonra özündə müstəqil usta kimi işləmək iradəsi hiss edib. 2008-ci ildə fəhlə kimi başladığı tikinti sahəsində 2009-cu ildən usta kimi işləyib. Tikintinin bir neçə sahəsində işi bacarır. Gəncə şəhərində və Goranboy rayonunda sifarişlər götürərək icra edir.

Yunis usta səhhətilə əlaqədar yaranan çətinliklər ucbatından sevimli işindən ayrılmağa hazırlaşır: “Belimdə yırtıq yaranıb, həm də yıxılıb başımdan zədə almışam. Bu baxımdan mənə çətin olur işləmək. Ona görə az-az iş götürürəm”.

Həmsöhbətimiz ailəlidir, 1 övladı var. Oxumaq, ali təhsil almaq istəyindədir. Y.Qurbanov deyir ki, övladının oxuması üçün nə lazımdır, etməyə hazırdır: “Dediyim kimi, tikinti sahəsində ağır işlərdə çalışmaq çətin olur, ona görə keçmişəm yüngül işlərə. Rəngsazlıq edirəm hazırda. Amma istəyim odur ki, özümə daimi bir iş tapım. Sözün düzü, bu işə marağım, həvəsim var, amma səhhətimdəki çətinliklər imkan vermir. Evdə də işləyib çörək qazanası yeganə adam mənəm. Ona görə istəyirəm şirkətlərin birində santexnik kimi yüngül bir işə düzəlim. O işlərdən də başım çıxır, bacarıram”.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu