“Şəkini Abidsiz qoya bilmərəm” – usta ilə söhbət
Şəkidə deyəsən Abid adı məşhurdur. Artıq neçənci həmsöhbətimizdir ki, şəkilidir, adı da Abiddir. Diqqətli oxucularımız yaxşı xatırlayar, baş nazirin keçmiş müavini Abid Şərifov da şəkili idi. Özünün duzlu-məzəli zarafatları ilə seçilən Şəki, deyəsən, bütün sahələrdə məşhur Abid yetişdirib. Bu dəfəki həmsöhbətimiz usta Abid Umarov da söhbət zamanı şirin Şəki zarafatlarından qalmadı. Hətta söhbət əsnasında zarafatyana özünü öydü də.
Umarov Abid 1963-cü il təvəllüdlüdür. 1984-cü ildən bu işlə məşğul olur. Tikinti sahəsində təcrübəsi 40 ilə yaxındır. Peşə təhsillidir. Əmək fəaliyyətinə başlayandan ancaq mənzil tikintisi ilə məşğul olub. Əvvəllər gündüz tikintidə işləyib, gecələr qarovulçu. “Ailə dolandırmaq üçün hər işə gedirdik” deyir.
Abid usta deyir ki, Sovet hökuməti dağıldıqdan sonra tikinti sahəsində iş daha da çoxalıb: “Mənim işim həmişə çox olub. Düzdür, indi qocalmışam (gülür), amma yenə də işləyirəm. Elə olur briqada ilə işləyirəm, elə olur fəhlə götürüb tək işləyirəm. Yəni bu, sifarişçinin istəyindən asılıdır. Amma mən daha çox tək işləməyə üstünlük verirəm”.
Həmsöhbətimiz ancaq Şəki şəhərinin özündə işləyir. Özünün sözlərinə görə, kənara, hətta rayonun kəndlərinə belə işə getməməyinin səbəbi rayonda olan işlərin çoxluğudur. “Mən kənara getsəm Şəkidəki işləri kim görər?” deyə yarızarafat özünün rayondakı nüfuzuna da işarə vurur.
Digər həmsöhbətlərimizin bir çoxu kimi, Abid usta da tikintinin bütün sahələrində işi bacarır. Sifarişi 0-dan alır və tam hazır vəziyyətdə təhvil verir: “Düzdür, pandemiya vaxtı iş azaldı, amma indi də var, şükür. Sadəcə, əvvəlki kimi imkan yoxdu insanlarda iş gördürməyə”.
İki övladı, bir oğlu, bir qızı var. Təəssüflə bildirir ki, övladlarının heç biri ali təhsil almayıb. Oğlu sürücülük edir: “Maşın alıb qoymuşam altına, işləyib qazanır”.
Abid usta deyir ki, iş həyatında ən maraqlı vaxt Göygöldə işləyəndə olub: “Göygöldə kompleks tikilirdi. Çağırdılar getdim, bir müddət orada işlədim. Həm pul qazandım, həm istirahət etdim demək olar ki”.
İşğaldan azad olunan Qarabağ torpaqlarında işləmək istəyir. Hətta buna görə Şəkidə hələlik iş götürməmək qərarına gəlib. Lakin səhhətindəki problemlər üzündən bir qədər tərəddüd edir: “Ürəyimdə problemlər var, ona görə bir az ehtiyat edirəm. Qışda səhhətim lap ağırlaşır, yayda bir az yaxşı oluram. Amma hələlik iş götürmürəm ki, bəlkə getdim Qarabağ tərəfə. Oralarda işləmək mənə çox xoş olar. O torpaqlar bizim tariximizdir, göz bəbəyimizdir”.
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.