Sonuncu erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması ilə bağlı etiraz bəyanatı yayıb.
AFN-in xəbərinə görə, bəyanatda deyilir:
“Dərin təəssüf hissi ilə bildiririk ki, 2021-ci ilin 16 noyabr tarixində Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun yeddi hərbi qulluqçusu şəhid olub, 10 nəfər isə yaralanıb.
Ermənistan tərəfinin ölkəmizin döyüş postlarını müxtəlif çaplı atıcı silahlardan, o cümlədən qumbara atanlardan, minaatan və artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutması nəticəsində hərbi qulluqçularımızın qətlə yetirilməsini və yaralanmasını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin növbəti dəfə qəsdən pozulması faktı kimi qiymətləndirir və kəskin şəkildə pisləyirik.
Ermənistanın Azərbaycana qarşı qəflətən həyata keçirdiyi növbəti təcavüz aktının dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağıran 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə təsadüf etməsi Ermənistanın digər dövlətlərlə və xalqlarla mehriban qonşuluq mühitində yaşamaq istəmədiyini bir daha sübut edir.
Ermənistanın Azərbaycana məxsus torpaqları yenidən işğal etmək məqsədilə hücum əməliyyatlarına başlaması qeyri-tolerant imicə malik olan bu ölkənin beynəlxalq müqavilələlərdən irəli gələn öhdəliklərə və ümumbəşəri dəyərlərə hörmətsizliyinin bariz nümunəsidir.
Son dövrlər təcavüzkar siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəzasızlıq mühitindən bəhrələnərək Azərbaycanın dövlət sərhədində vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş təxribatçı hərəkətləri regionda yeni münaqişə ocaqlarının yaranmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olub.
Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsini tələb edirik”.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.