Azərbaycanla Ermənistan ortaq hərbi təlimdə - “Rusiyanın bu təlimlərdə məqsədi...”
Rusiyanın Primorsk vilayətindəki Sergeyevski poliqonunda avqustun 31-də başlayan «Şərq-2022” strateji komanda-qərargah təlimləri davam edir. Təlimlərə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunub. Təlimlərdə Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistanın hərbçiləri bu və ya digər şəkildə iştirak edirlər.
Maraqlıdır, sözügedən ölkələri, o cümlədən Azərbaycanla Ermənistanı hərbi təlimlərdə nə birləşdirib?
Sfera.az-ın məlumatına görə, bu barədə danışan politoloq Elxan Şahinoğlu deyib ki, Qərbin sərt sanksiyaları fonunda Rusiyanın bu təlimlərdə məqsədi özünə yaxın bildiyi dövlətləri bir yerə toplamaqdır. Onun sözlərinə görə, uzaq Nikaraqua ilə Monqolustanı, Hindistanla Çini və ya Azərbaycanla Ermənistanı vahid təlimdə yalnız Rusiya amili birləşdirir:
“Təlimlərin açılışında iştirak edən Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov açılış nitqində deyib ki, təlimlərdə iştirak edən dövlətləri yalnız sərhədləri yaxınlığında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti bağlamır, həm də ölkələr arasında uzun müddətli dostluq münasibətləri, yaşlı nəsillər tərəfindən qoyulmuş ümumi qəhrəmanlıq keçmişi bağlayır. Halbuki, Azərbaycanla Ermənistan və ya Çinlə Hindistan arasında hansı dost münasibətlərdən danışmaq mümkündür? Azərbaycanla Ermənistan arasında sülh sazişi mövcud deyil, Çinlə Hindistan arasında isə sərhəd problemi və tez-tez sərhədin dağlıq hissəsində toqquşmalar var”.
Politoloq xatırladıb ki, vaxtilə okenlarda yalnız ABŞ-ın təyyarə daşıyan gəmiləri üzər və bu Amerikanın dünyadakı hərbi gücünün nümayişi idi və bu, Hindistanı narahat etmirdi:
“Çünki ABŞ Hindistan üçün təhlükə yaratmırdı. Ancaq hazırda belə gəmilər Çində də var. Çinin bölgədə artan hərbi gücü və təyyarədaşıyan gəmiləri Hindistanı ciddi narahat etməyə başlayıb. Ona görə də Hindistan Çindən geri qalmamağa çalışır. Bu baxımdan Hindistanla Çinin eyni hərbi təlimlərdə iştirakı sadəcə simvolik xarakter daşıyır”.