ABŞ və Rusiya arasında məhbus mübadiləsi: Britni Qriner və Viktor But ölkələrinə qayıtdı
ABŞ və Rusiya arasında məhbus mübadiləsi keçirilib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, məhbus mübadiləsi zamanı Rusiyanın amerikalı qadın basketbolçu Britni Qriner, ABŞ-ın isə rusiyalı silah qaçaqmalçısı Viktor But azadlığa buraxılıb.
ABŞ prezidenti Co Bayden də Twitter hesabında "Bir neçə dəqiqə əvvəl Britni Qrinerlə telefonda danışdım. O, təhlükəsizdir. Hazırda təyyarədədir. İndi evə qayıdır" - deyə yazıb. Baydenin paylaşdığı fotolardan aydın olub ki, Qrinerlə telefonda danışdığı zaman onun yanında vitse-prezident Kamala Harris və Qrinerin həyat yoldaşı Cherelle Griner də olub.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada məhbus mübadiləsi təsdiqlənib. “But və Griner mübadiləsi dekabrın 8-də Abu Dabi hava limanında uğurla tamamlandı. But vətəninə qayıdıb" - deyə XİN-in açıqlamasında bildirilir. Eyni zamanda bildirilir ki, Viktor Butun azadlığa buraxılması üçün Rusiya ilə ABŞ arasında uzunmüddətli məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, ABŞ basketbolçusu Britni Qriner fevral ayında Rusiyada narkotiklə saxlanılıb. Paytaxt Moskvanın Ximki Şəhər Məhkəməsi Grineri 9 il həbs və 1 milyon rubl (təxminən 16 min dollar) cərimələyib.
Silah qaçaqmalçısı kimi tanınan Viktor But isə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə (FARC) silah tədarük etdiyinə görə ABŞ-da 25 il həbs cəzasına məhkum edilib.
ABŞ aktyoru Nikolas Keycin baş rolda çəkildiyi məşhur "Müharibə Tanrısı" filminin Butun həyat hekayəsi əsasında çəkildiyi iddia edilib.