Bu məsələnin həlli dünyadan deyil də, məhz iqtidardan asılıdır – Natiq Cəfərli


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yerli telekanallar verdiyi müsahibəsində ölkədəki inflyasiyanı idxal inflyasiyası adlandırıb. “Hələ idxaldan asılıyıq, yüksək inflyasiya Azərbaycana idxal edilib. İdxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur” – deyən dövlət başçısı bildirib ki, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib: “Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir".


Bəs idxal inflyasiyasını önləmək üçün hansı tədbirlərə ehtiyac var? AFN.az-ın xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkə ərzaq məhsullarında 75%-ə yaxın, dərman və tibbi ləvazimatda 95%-ə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində 100% idxaldan asılıdır: “Bu vəziyyət sual yaradır ki, 30 ilə yaxın ölkəni idarə edən hökumət nədən yerli istehsalla bağlı ciddi uğurlar əldə edə bilməyib?
Bəli, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil, amma vergi-gömrük siyasəti ki, ölkədən, indiki hökumətdən asılıdır, elə deyil?! Ölkədə ƏDV-ni, vergi növlərini, gömrük rüsumlarını ki, ABŞ, Avropa, dünya təyin etmir – deməli, qiymət artımı ilə effektiv mübarizə üçün hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir, 6 aya yaxındır ki, ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlarda isə ƏDV-ni tamamən ləğv etməyi təklif etmişik”.
Ekspert bildirib ki, ölkə əhalisi gəlirlərinin 55%-i ərzağa, 4%-ə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir: “Vətəndaşlar öz ərzaq təlabatının 80%-ni şəbəkə marketlərdən ödəyir ki, onlar da ƏDV ödəyicisi olduqları üçün kassada 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır. Bu məsələnin həlli dünyadan deyil də, məhz iqtidardan asılıdır. Bu addım qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər. Əhali ərzaq və dərman alarkən ƏDV-dən qənaət etdiyini qeyri-ərzaq məhsullarına xərcləyəcək ki, onların dövriyyəsi artıqca zatən satışdan əldə olunan büdcəyə ƏDV ödənişləri də yüksələcək – yəni, bu addım heç də büdcəyə vergi daxilolmalarını ciddi azaltmayacaq, büdcə böyük pul itirməyəcək, camaat ƏDV-dən qənaət etdiyinə, məsələn, ayaqqabı, mikser, pal-paltar və s. alaraq zatən ticarət dövriyyəsinin artmasına, deməli o sahələrdən vergidaxilolmaların çoxalmasına səbəb olacaq”.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu