Şahin Bağırov: "İşğala son qoyulması qanunsuz narkotik dövriyyəsinin qarşısını almağa mühüm imkanlar yaradıb"
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi beynəlxalq ticarətin və tranzitin, region ölkələrinin inkişafı, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, gömrük sahəsində hüquqpozmalara, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına qarşı mübarizədə mühüm imkanlar yaradıb.
“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda işinə başlayan BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə həyata keçirdiyi “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclasında bildirib.
Həmçinin Azərbaycan gömrük xidməti tərəfindən “Qlobal Konteynerlərə Nəzarət Proqram”ı çərçivəsində regional əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi, kinoloji sahədə digər dövlətlərə göstərilən dəstək, nakotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində atılan addımlar barədə də məlumat verilib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib. Bildirilib ki, proqram çərçivəsində qurulan əməkdaşlıq gömrük hüquqpozmalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, ticarətin asanlaşdırılması baxımından da əlavə imkanlar yaradır.
A. Mittal Dövlət Gömrük Komitəsinin təşəbbüsü əsasında Orta Dəhliz ölkələrinin gömrük xidmətlərinin iştirakı ilə formalaşdırılan Tranzit Portalı layihəsinin əhəmiyyətini vurğulayıb, Azərbaycan gömrüyünün narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.
İclasın məqsədi “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsi çərçivəsində cari fəaliyyətin nəzərdən keçirilməsi, praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə prioritetlərin və ehtiyacların müzakirə edilməsidir.
İclasda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğız, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan gömrük xidmətlərinin, BMT, ÜGT və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, aidiyyəti beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi, ehtiyacların müəyyənləşdirilməsi baxımından iclasın əhəmiyyətindən bəhs ediblər.
İki gün davam edəcək iclasda “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının reallaşdırılması istiqamətində ölkələrin səyləri, Gömrük Xidmətlərinin və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin yaradılması haqqında Anlaşma Memorandumunun icrası, gömrük orqanları ilə özəl sektor arasındakı əməkdaşlığın inkişafına dair milli strategiyalar, ehtiyacların və prioritetlərin müəyyənləşdirilməsinə dair məsələlərlə bağlı iştirakçı ölkələrin mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş etdiriləcək, müzakirələr aparılacaq.
Mayın 25-də isə “Qlobal Konteynerlərə Nəzarət Proqram”ı çərçivəsində iclasda təmsil olunan nümayəndələr üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda bir günlük seminar keçiriləcək.