“Neftçi” MLS-də ilin ən yaxşı yeni oyunçusu ilə danışıqlar aparır


Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki ilə danışıqlar aparır.


Oxu.Az-ın məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, Braziliyadan əlavə yapon kökləri və Yaponiya pasportu olan Şinyaşiki artıq “ağ-qaralar”ın düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.

Qeyd edək ki, 26 yaşlı hücumçu Braziliyanın San-Paulu şəhərində anadan olub.

O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada universitetin futbol komandasında karyerasını davam etdirib.

Futbolçu 2017 və 2018-ci illərdə kolleclərin yay mövsümlərində “Kolorado Rapid U-23” komandasında oynayıb.

Şinyaşiki 11 yanvar 2019-cu ildə MLS “Superdraft”da “Kolorado Rapids” tərəfindən ilk turda, beşinci sıradan seçilib.

Andre Bava Şinyaşiki peşəkar debütünü martın 2-də mövsümün açılış oyununda “Portlend Timbers”ə qarşı edib.
Oyuna ehtiyat oyunçular skamyasından qoşulan hücumçu ilk oyundaca fərqlənərək komandasının heyətində vacib qola imza atıb və oyun 3:3 hesablı bərabərliklə bitib.

Bu qol MLS-in ilk həftəsinin ən yaxşı qolu seçilib.

Sentyabrın 7-də “Sietl Sounders”ə qarşı oyunda Şinyaşiki qol vurub və “Kolorado Rapids”ə 2:0 hesablı qələbə qazandırıb. Bununla da hücumçu MLS-də həftənin oyunçusu seçilib.

31 matçda yeddi qol və üç məhsuldar ötürmə verən braziliyalı 2019-cu il mövsümünün sonunda MLS-də ilin ən yaxşı yeni oyunçusu olub.

2022-ci ildə braziliyalı “Şarlott” klubuna transfer olunub. Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandasına qol vuraraq adından söz etdirə bilib.

Beləliklə, braziliyalı Matheus Saldanya “ağ-qaralar”ın düşərgəsindən Belqradın “Partizan”ına yollandıqdan sonra belə bir futbolçunun gəlişi “Neftçi”nin hücum xəttini gücləndirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu