Dəhşətli görüntülər: Yüzlərlə miqrant arasında ölü qadın
Liviyadakı qaçqınların saxlanma mərkəzində çəkilən görüntülər ölkədəki qaçqınların dəhşətli şəraitini bir daha gözlər önünə sərib.
"Guardian"ın dərc etdiyi görüntülərdə onlarla immiqrantın yerləşdiyi mərkəzdə ölü bir qadının yerdə uzandığı görünür.
Liviyadan Tunisə çatan bir qrupun iki həftə əvvəl çəkdiyi və qəzetlə paylaşdığı görüntülərin Tripolidəki Əbu Səlim həbsxanasından olduğu bildirilir.
Yüzlərlə qadın qaçqının yerləşdiyi otaqda çəkilən görüntülərdə nigeriyalı qadının ağladığı, mərkəzin həbsxanaya bənzədiyi görünür.
30 saniyəlik video çox zəifləmiş, gözləri açıq, çılpaq yerdə uzanmış qadının cansız bədəni ilə bitir. Videonu çəkən nigeriyalı "Bu qadın öldü. Bu səhər öldü" - deyə nalə edir.
Sərhədsiz Həkimlər (MSF) və BMT-dən olan mənbələr videonun düzgünlüyünü və onun Əbu Səlim həbsxanasında lentə alındığını təsdiqləyib.
BMT-dəki mənbə videoda cəsədi görünən qadının somalili olduğunu və ehtimal ki, vərəmdən öldüyünü bildirib. Mərkəzdəki onlarla immiqrantın xəstə ilə təmasda olduğu düşünülür.