Rövnəq Abdullayevin ölkədən çıxışı yasaqlanıb? – AFN yazdıqdan sonra...
AFN.az-da SOCAR-ın sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin həbsinin zəruri olduğunu sübut edən araşdırma yazılarından sonra onun ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə publika.az saytı yazıb. Sayt bildirir ki, AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib. AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirsə də, publika.az iddia edib ki, AFFA prezidentinin Estoniyaya getməməyinin səbəbi bu deyil. Saytın məlumatına görə, Rövnəq Abdullayevin Azərbaycandan çıxışına qadağa qoyulub. Bildirilir ki, AFFA prezidentinin həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyinti aşkarlanıb. “Söhbət milyardlarla manat vəsaitdən gedir. Ona görə də Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Onun həbs olunma ehtimalının da olduğu bildirilir” – deyə sayt yazır.
Qeyd edək ki, AFN.az olaraq R.Abdullayevin həbsini vacib edən məqamlarla bağlı bir neçə dəfə yazı dərc etmişik. Onun istər SOCAR prezidenti kimi,istərsə də AFFA prezidenti kimi fəaliyyəti dövründə baş verən korrupsiya halları və qanunsuzluqlarla bir sıra məqamları ortaya çıxarmışıq.
Bir daha qeyd edirik ki, R.Abdullayevin dövründə hər iki qurumda baş verən nöqsanlarla bağlı təcili tədbir görülməlidir. SOCAR-da hörümçək toru kimi şirkətlər şəbəkəsi yaradaraq dövlətin pullarını mənimsəməklə özünə milyardlarla manat varidat yığan R.Abdullayevin indi nazir müavini postunda əyləşərək həmin vəsaitləri rahatlıqla həzm-rabedən keçirməsi ədalətli deyil. O da vəzifədən birbaşa həbsə gedən digər məmurlar kimi cəzasını çəkməlidir. Məhz onun zamanında SOCAR-da vüsət alan problemlərin qarşısını almaq az qala müşkülə çevrilib. Onun yarıtmaz fəaliyyəti nəticəsində Bakı Neft Emalı Zavodu (NEZ) artıq 7 ildir təmirdədir və müəssisənin təmirinə az qala bir yeni müasir zavodun tikintisi qədər vəsait xərclənib. Ortada hələ bir nəticə yoxdur. Səbəb isə sadədir: Rövnəq Abdullayev həmin vəsaitləri də “yarı unluğa, yarı dənliyə” istifadə edib. Qeyri-rəsmi ekspert hesablamalarına görə indiyə qədər müəssisəyə 4 milyard manat xərclənib. Daha pisi odur ki, hələ zavodun təmirinin 2027-ci ildə başa çatacağı bildirilir. Burdan isə ortaya çıxan yeganə nəticə əvvəlki rəhbərliyin təmir prosesinə ciddi yanaşmaması, daha doğrusu, diqqətinin yalnız mənimsəmə imkanlarında olmasıdır. Əks halda bol vəsait fonunda NEZ artıq çoxdan fəaliyyətə başlamalı idi.
Zavodun təmiri üçün ayrılan pulların nə qədəri ünvanına çatıb, bu haqda növbəti araşdırma yazımızda aydınlıq gətirməyə çalışacağıq.
AFN yazdıqdan sonra...