Azərbaycanda tenderlərlə bağlı ən ciddi problem şəffaflığın təmin olunmamasıdır - EKSPERT


Hesablama Palatasının açıqladığı rəqəmlər onu göstərir ki, ölkədə maliyyə intizamı ilə bağlı vəziyyət çox acınacaqlıdır.


AFN.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə Hesablama Palatası sədrinin hesabatı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Qeyd edək ki, hesabata əsasən, 2023-cü ildə 31 uyğunluq auditi keçirilib. Büdcə qanunvericiliyinin pozulması ilə bağlı nöqsanlara 27 auditdə rast gəlinib. Büdcə vəsaitlərinin idarə edilməsi ilə bağlı nöqsanlar 23 auditdə, dövlət satınalmaları sahəsində nöqsanlara 27 auditdə rast gəlinib. Əsaslı vəsait qoyuluşu ilə bağlı nöqsanlar 13 auditdə müəyyən edilib. Ümumuilikdə isə maliyyə pozuntularının məbləği 560, 5 milyon manat olub".

Deputat Vahid Əhmədov da məsələ ilə tənqidi fikirlər səsləndirib. O, təəssüflə qeyd edib ki, 31 uyğunluq auditindən 27-də dövlət satınalmalarında ciddi nöqsanlar aşkar edilib. Deputatın sözlərinə görə, Hesablama Palatsının istər 2023-cü ildə, istər də ondan əvvəlki hesabatlarında ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir. "Satınalmalarla əlaqədar nə qədər mübarizə aparsaq da, qanunda dəyişikliklər etsək də faktiki olaraq satınalmalarda ciddi problemlər mövcuddur" - deyə V.Əhmədov bildirib.

Maraqlıdır, bu sahədə vəziyyət niyə düzəlmir? Rəqəmsallaşma gedir, tədbirlər görülür, amma yenə də problemlər qalır. Satınalmalar və tenderlər sahəsində qarşısıalınmaz problem nədir? İqtisadçı ekspert Natiq Cəfərli AFN.az-a açıqlamasında bildirdi ki, dünya təcrübəsinə baxdıqda tenderlərdə şəffaflıq yüksək səviyyədə təmin olunmayınca, neqativ hallar davam edir və artır: "Məsələn, qardaş Türkiyəni götürsək, orda böyük tenderlər televiziyalarda canlı yayımda göstərilir, təkliflər canlı yayımda açılır. Bizdə şəffaflıqla bağlı ciddi problemlər var. Məmurlara bağlı bir neçə şirkət tenderə girir, hansı udur udsun, nəticədə bir nəfər udur. Bu da, dediyim kimi, şəffaflıq problemi ilə bağlıdır. Nə qədər ki, Azərbaycanda tenderlərin şəffaf keçirilməsi ilə bağlı problemlər qalır, bu neqativ hallar da davam edəcək. Ona görə də qanunvericiliyə dəyişikliklər edilməlidir. Tender prosesinin şəffaflığını artıracaq, ictimai nəzarətin güclənəcəyinə səbəb olan qanunlar qəbul edildikdən sonra bu sahədə durumun düzələcəyini, prsesin ədalətli keçiriləcəyini gözləmək olar".

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu