Türkiyə universitetləri Azərbaycanda tələbələrə verilən vədlərdən xəbərsiz olurlar - MÜSAHİBƏ


Şəhla Aslanın sosial şəbəkədəki fəaliyyətini izləyən hər kəs onun daha çox təhsil məsələlərinə yer ayırdığının şahidi olar. Bu mövzuda maraqlı və lazımlı məlumatlar paylaşan həmkarımız hazırda Türkiyənin Qazi Universitetində “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantlıq təhsili alır. Bununla yanaşı, jurnalistika ilə məşğul olur. İxtisas seçimi ərəfəsində Ş.Aslanın “Türkiyədə təhsil” adı altında fəaliyyət göstərən fırıldaqçı şirkətlər haqda paylaşdığı məlumatlar da xeyli insanın aydınlanmasına səbəb olur. Onunla müsahibəmizdə bu məsələyə geniş yer vermişik.


Həmin müsahibəni təqdim edirik:

- Türkiyədə fəaliyyətiniz hansı istiqamətləri əhatə edir?

- Hazırda Qazi Universitetində "Təhsilin idarə edilməsi" ixtisası üzrə “Türkiyə Burslusu” olaraq doktorantura təhsili alıram. Təhsilin idarə edilməsi sahəsində tədqiqatla məşğulam. Məqsədim təhsil sisteminin inkişafı və keyfiyyətinin artırılması üçün elmi yanaşmaları dərindən öyrənmək və fürsət yarandığında öyrəndiyim yenilikləri praktikada göstərə bilməkdir. Doktorantura təhsilimin sonlarına yaxınlaşıram. Yaxın zamanlarda tədqiqatını yekunlaşdırdığım dissertasiya mövzumun müdafiəsi olacaq.
Doktorantura təhsili ilə yanaşı, eyni zamanda jurnalist kimi fəaliyyət göstərirəm. Aktual mövzularda, daha çox da təhsil məsələləri ilə bağlı məqalələr və xəbər mətnləri yazıram, təhsil idarəçiləri ilə müsahibələr edirəm. Bu sahədə fəaliyyətim, təhsil siyasətləri, təhsil problemləri və onların həll yolları, həmçinin yeni təhsil trendləri barədə məlumatların ictimaiyyətə çatdırılmasını əhatə edir.
Bundan əlavə, müxtəlif akademik konfrans, seminar və tədbirlərdə iştirak edirəm. Bu tədbirlərdə təhsil sahəsində mütəxəssislərlə fikir mübadiləsi aparmaq və yeni biliklər əldə etmək imkanı yaranır.
Ayrıca, Türkiyədə dostlarla birlikdə Azərbaycan tarixinin, həqiqətlərinin və mədəni zənginliyinin təbliği, Azərbaycan mədəniyyətini, tarixi faktlarını geniş auditoriyaya tanıtmaq üçün seminarlar, mühazirələr təşkil edirik. Müxtəlif platformalarda Azərbaycan mədəniyyəti haqqında məlumat verir və Azərbaycan-Türkiyə mədəni əlaqələrini gücləndirmək məqsədilə təşkil edilən layihələrdə aktiv iştirak edirik.
Bundan əlavə, burada təhsil alan azərbaycanlı tələbələrlə sıx əlaqələrim var. Nisbətən təcrübəli olduğum üçün Türkiyəyə yeni gələn tələbələrə dəstək olmağa, problemləri varsa mümkün həll yolları tapmağa kömək edirəm.
Bu fəaliyyətlərim sayəsində müxtəlif sahələrdəki yenilikləri və dəyişiklikləri yaxından izləyirəm. Bu bilikləri həm akademik, həm də jurnalist fəaliyyətimdə tətbiq edirəm.

- Türkiyədə azərbaycanlı tələbələr daha çox hansı problemlərlə qarşılaşırlar?

Azərbaycanlı tələbələr bəzən türk dilindəki spesifik akademik terminologiya və dil fərqlilikləri ilə çətinlik çəkirlər. Təhsil müddətində yerli dilin və mədəniyyətin tam mənimsənilməməsi, tələbələrin dərslərdə iştirakını və yerli akademik mühitə uyğunlaşmasını çətinləşdirir. Bu, həm də sosial əlaqələrdə problemlərə yol açır.
Bəzi tələbələr akademik heyətlə effektiv şəkildə əlaqə qura bilmir. Bu, xüsusilə tələbə-müəllim münasibətlərinin zəif olduğu hallarda nəzərə çarpır. Tələbələrin mentorluq, dəstək və akademik məsləhət almaq üçün kifayət qədər şərait və imkanları olmaya bilir.
Türkiyədəki təhsil sisteminin Azərbaycanın təhsil sistemindən fərqli olması tələbələr üçün çətinlik yarada bilir. Məsələn, qiymətləndirmə üsulları, tədris metodları və akademik gözləntilər arasındakı fərqliliklər tələbələrin adaptasiya prosesini çətinləşdirir.
Müasir kitablar, elektron resurslar və laboratoriya avadanlıqları kimi təhsil materiallarından istifadə məsələsində çətinlik çəkən tələbələr də tədris proseslərində geridə qalırlar.
Təhsil xərcləri və gündəlik həyat xərcləri bəzi tələbələrin akademik performansını təsir edə bilir. Yaşam xərcləri, bəzən planlaşdırılan büdcəni aşaraq əlavə maliyyə yükü yarada bilir, bu da tələbələrin psixologiyalarına mənfi təsir göstərə bilir.
Xaricdə Təhsil şirkətləri tərəfindən Türkiyəyə oxumağa gələn tələbələr bəzən daha ciddi problemlərlə qarşılaşırlar. Bakıda şirkətlər tərəfindən onlara təqdim olunan cazibədar vədlərin yerinə yetirilməməsi, tələbələrin real vəziyyəti anladıqdan sonra məyusluğa səbəb olur. Bu, tələbələrin akademik uğurlarına və ümumi məmnuniyyətinə ciddi şəkildə mənfi təsir edə bilir...

- Belə halla qarşılaşmamaq üçün tələbələrə hansı tövsiyələri verirsiz?

Düşünürəm ki, tələbələr təhsil müəssisələrinin və proqramlarının etibarlılığını yoxlamaq üçün öz müstəqil araşdırmalarını aparmalıdırlar. Təhsil müəssisələrinin veb saytlarını, tələbə rəylərini və müstəqil təhlil mənbələrini istifadə edərək məlumat toplamalıdırlar.
Türkiyədə təhsil almaq qərarını vermədən əvvəl, tələbələr etibarlı mənbələrdən, məsələn, universitetlərin rəsmi nümayəndələrindən, Türkiyə təhsil sistemi ilə təcrübəsi olan təhsil məsləhətçilərindən və əvvəlki tələbələrdən məlumat və tövsiyələr almalıdırlar. Bu, onlara daha real və dəqiq məlumatlar təqdim edəcək.
Mən könüllü təhsil məsləhətçisi fəaliyyətimlə tələbələrin bu cür problemlərlə qarşılaşmaması üçün ciddi dəstək və dolğun məlumatla təmin etməyə çalışıram.

- Bəs Türkiyədə təhsil vəd edən şirkətləri necə seçmək lazımdır? Hansı şirkətlər daha etibarlıdır?

- Təklif olunan xidmətlərin şərtləri açıq və şəffaf olmalıdır. Şirkətlərin təqdim etdiyi vədləri və xidmətlərin detalları barədə fərqli mənbələrdən ətraflı məlumat əldə edilməlidir. Daha əvvəl şirkətin xidmətlərindən istifadə etmiş şəxslərin rəyləri önəmlidir. Şirkətlər tərəfindən təqdim olunan universitetlərin təhsil proqramları və universitetin keyfiyyəti haqqında müstəqil şəkildə məlumat toplamaq olar; Bu, universitetlərin beynəlxalq reytinqləri, akkreditasiyaları və proqramların məzmunu ilə bağlı məlumatları əhatə edir.
Şirkətin təhsil məsləhətçilərinin Türkiyədəki təcrübəsi də mühimdir. Təcrübəli məsləhətçilər daha dəqiq və faydalı məlumat təqdim edə bilərlər. Türkiyə təhsil sistemini bilməyən birisi buradakı vəziyyətlə bağlı doğru məlumat verə bilməz.
Etibarlı təhsil şirkətləri şəffaf xidmətlər təqdim edir, müştəri rəylərinə və tövsiyələrə əhəmiyyət verir və tələbələrin ehtiyaclarına uyğun dəstək göstərir. Bu məqamları nəzərə alaraq şirkətləri seçmək vətəndaşlara düzgün qərar vermələrinə kömək edəcəkdir.

- Türkiyə universitetləri ilə əlaqələriniz hansı səviyyədədir?

- Türkiyə universitetləri ilə əlaqələrim geniş və məhsuldardır. Burada təhsil aldığım müddətdə Türkiyənin təhsil sistemini dərindən mənimsəməyə çalışdım. Akademik vəziyyəti və universitetlərin tədris metodlarını öyrənmək üçün daim axtarışdayam və sistemi daha yaxından anlamağa çalışıram.
Universitet rektorları ilə mütəmadi olaraq görüşlərim olur. Onlarla müxtəlif məsələlərdə söhbətlər aparıram və universitetlərin təhsil proqramları, akademik keyfiyyət və tələbə mühitləri haqqında məlumat alıram. Bu görüşlərdə vəziyyəti daha dərindən öyrənir və əlaqələrimi gücləndirirəm.
Hesab edirəm ki, bu əlaqələr və təcrübələr həmçinin gələcək karyeram üçün də faydalı olacaqdır.

-Türkiyə universitetlərinin fırıldaqçı şirkətlərin varlığından məlumatlılıq səviyyəsi necədir?

- Türkiyə universitetləri, təəssüf ki, bəzi şirkətlərin tələbələrə verdiyi vədlərdən məlumatlı olmurlar. Məsələn, sizə bir nüansdan bəhs edim: Fırıldaqçı şirkətlər valideynlərə Gazi Universiteti, ODTÜ, Ankara Universiteti və Hacettepe Universiteti kimi prestijli təhsil müəssisələrinə tələbə yerləşdirə biləcəklərini bildirirlər.
Valideynlər bu şirkətlərin təqdim etdiyi vədlərə inanaraq, övladlarını bu universitetlərə yerləşdirmək üçün ciddi miqdarda ödənişlər edir, müqavilələr imzalayırlar. Şirkətlər, əgər bu universitetdən qəbul gəlməsə, ehtiyat olaraq daha az tanınan universitetlərdən qəbul təmin edəcəklərini bildirirlər. Lakin son nəticədə valideynlər övladlarını keyfiyyətsiz və ya nüfuzlu universitetlərin şərtlərinə uyğun olmayan universitetlərə göndərməli olurlar. Şirkət təmsilçisi öncədən bilir ki, vətəndaşı keyfiyyətli universitetlərə göndərə bilməyəcək, sadəcə cazibədar olmaq üçün bəzi nüfuzlu universitetlərin adını çəkir.
Bəzi valideynlər də məsələn, Gazi Universiteti kimi nüfuzlu universitetlərin yalnız attestatla tələbə qəbul etmədiyini, müvafiq qayda, qanun və imtahanların olduğunu bilmir. Buna görə də, fırıldaqçı şirkətlərin təqdim etdiyi “gözəl” vədlərə inanaraq, nəticədə övladlarını daha az tanınan və keyfiyyətsiz universitetlərə göndərirlər.
Ayrıca, bəzi şirkətlər sığorta, yataqxana, ölkədə yaşamaq icazə sənədi və s. məsələlərdə də tələbələrə yalan vədlər verirlər, saxta sənədlər verən də olur. Uşaqlar buraya gəldikdən sonra çətin vəziyyətdə qalırlar.
Buna görə də valideynlər və övladları yalnız güvənli mənbələrdən məlumat əldə etməyə çalışmalı, müvafiq imtahanlarda iştirak etdikdən sonra universitetlərə müraciət etməlidirlər.

- Aldadılan vətəndaşlara hansı köməkliyi edə bilirsiz?

- Tələbələrə doğru və dəqiq məlumat verərək, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına müxtəlif yollarla dəstək olmağa çalışırıq. Bəzən, hüquqlarını qorumaq üçün müvafiq dövlət qurumlarına və ya hüquqi yardım təşkilatlarına yönləndiririk.
Təəssüf ki, bəzi tələbələr aldadılır və Azərbaycanda tanınmayan universitetlərdə təhsil almağa yönləndirilirlər. Bu universitetlərdən alınan diplomlar və təhsil forması Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınmır. Bu, tələbələrin və onların ailələrinin illərini və pullarını boşa xərcləməsinə səbəb olur və nəticədə ciddi məyusluq yaradır. Bu kimi hallardan qaçınmaq üçün məlumatları etibarlı mənbələrdən və müvafiq dövlət qurumlarından almaq çox vacibdir.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu