Bananların nəsli kəsiləcək?


Dünyada məşhur meyvə olan banan iki təhlükəli xəstəliyə görə nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Bununla belə, elm adamları bu vəziyyəti geri qaytarmaq üçün ümidverici addımlar atır. Mütəxəssislər deyirlər ki, bu araşdırmalar uğurlu olarsa belə ictimaiyyəin onlardan xəbəri olmayacaq.



1950-ci illərdə geniş şəkildə istehsal edilən Qros Miçel bananları Panama xəstəliyi kimi tanınan bir göbələk infeksiyası ilə tamamilə məhv edilib. Bunun üzərinə şirkətlər xəstəliyə davamlı Kavendiş bananlarına müraciət ediblər və bu böhran aradan qaldırılıb. Bu gün bu növ dünya banan ixracının 99 faizini təşkil edir.

Ancaq 1990-cı illərdə Panama xəstəliyinin fərqli bir versiyası Kavendiş cinsini təhdid etməyə başlayıb. Bazarlarda olan bananlar bir-birinin genetik surəti olduğundan, bir bitki xəstəliyə yoluxanda digərləri də təhlükə altında olur. Bundan əlavə, başqa bir göbələk növünün törətdiyi qara sigatoka xəstəliyi bananları təhdid edən mühüm problemlər arasındadır.

Funqisidlərlə mübarizə aparılmağa çalışılan qara sigatoka xəstəliyi bəzi bölgələrdə kimyəvi maddələrə davamlı hala gələn göbələklər səbəbiylə daha da çətinləşib. Alimlər bu xəstəliklərin həlli yollarını axtarır və yeni banan növlərinin yaradılması istiqamətində işlərini davam etdirirlər.

Keçən avqustda aparılan bir araşdırma Panama xəstəliyinin hazırkı variantının 20-ci əsrdən fərqli olmadığını ortaya qoyub. Bu, elm adamlarına xəstəliyin mexanizmini daha yaxşı başa düşmək imkanı verib və müalicə üçün ümidləri artırıb.

ABŞ-da yerləşən banan istehsalçısı "Chiquita Brands International KeyGene" araşdırma şirkəti Musaradix startapı və Hollandiyanın Wageningen Universiteti ilə əməkdaşlıq edərək Yelloway 1 adlı yeni banan növü hazırladığını açıqlayıb. Hər iki xəstəliyə davamlı olan bu bitkinin hazırda istixana şəraitində becərildiyi, lakin hələ meyvə vermədiyi bildirilir. İlin sonunda Filippində əkiləcək bu növün Kavendiş bananları ilə cütləşdirilərək xəstəliyə davamlı və adi banana bənzər dadı olan yeni sortların çıxarılması planlaşdırılır.

"Chiquita"nın Davamlılıq Direktoru Peter Stedman "Bir neçə il ərzində bananınızda bir dəyişiklik görmürsünüzsə, biz böyük bir iş görmüşük" deyərək inkişafları ümumiləşdirib.

Digər tərəfdən, Avstraliyanın Kvinslend Universitetinin tədqiqatçıları yabanı banan bitkisinin genini Kavendiş növünə daxil edərək Panama xəstəliyinə davamlı, geni dəyişdirilmiş banan hazırlayıblar.

Dadı və görünüşünün dəyişməz qalacağı gözlənilsə də, geni dəyişdirilmiş məhsullarla bağlı ictimai narahatlıqlar və xüsusilə Avropada ciddi qaydalar bu növlərin bazara daxil olmasında çətinliklər yaradır. "Heç bir texniki problem yoxdur, lakin marketinq və hüquqi məsələlər əsas maneələrdir" deyə Kvinslend Universitetindən Andre Drens əlavə edib.

Mənbə: Wall Street Journal



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu