Polşanın baş naziri Rusiya ilə sərhədə gedib
Polşanın baş naziri Donald Tusk şərq sərhədi boyunca hərbi istehkamların tikintisini yoxlamaq üçün şənbə günü Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə gedib və bunu sülhə sərmayə adlandırıb.
Bu barədə "Associated Press" xəbər verib.
Tusk Dabrovka kəndi yaxınlığında keçirilən mətbuat konfransında beton tank əleyhinə maneələrin qarşısında dayanaraq "Polşa sərhədi nə qədər yaxşı qorunursa, pis niyyəti olanların oraya daxil olması bir o qədər çətindir" bildirib.
Tuskun səfəri Polşanın 27 üzvlü Avropa İttifaqına sədrlik etməsindən bir ay əvvələ təsadüf edir. Polşa rəsmiləri deyirlər ki, onların prioritetləri Rusiyanın təcavüzü və Vaşinqtonda gözlənilən dəyişikliklər zamanı avropalıları müdafiəni gücləndirməyə çağırmaqdır. Bəzi Avropa liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasının Avropanın müdafiəsinə daha az bağlı ola biləcəyindən narahatdırlar.
Polşa hökuməti və ordusu bu il Şərq Qalxanı adlanan sistemin qurulmasına başlayıb. Qalxan Polşanın Rusiya və Belarusla sərhədləri boyunca təxminən 800 kilometr məsafəni əhatə edəcək.
Tusk hökuməti strateji hərbi layihənin ən azı 10 milyard zlotiyə (2,5 milyard dollar) başa gələcəyini təxmin edir. Polşanın Rusiya, Belarus və Ukrayna ilə sərhədləri həm Avropa İttifaqının, həm də NATO-nun ən şərq xarici sərhədləridir.