Özəl məktəblər kimi axtarır?

Bəzi özəl məktəblər tez-tez müəllim qəbulu üçün imtahanlar təşkil edirlər. Baxırsan ki, 1-2 vakansiya üçün yüzlərlə müəllim müraciət edir. Üstəlik, bu imtahanlar pulsuz deyil, bir nəfərin iştirakı üçün ən azı 10 AZN ödəniş şərtdir.
AFN.az xəbər verir ki, bunu jurnalist, İTV-nin "Sabaha saxlamayaq" verilişinin aparıcısı Urfan Məmmədli sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, əvvəllər ödənişin tələb olunmasını normal qarşılayıb: "Düşünürdüm ki, qeydiyyat xarakterlidir və imtahana müraciət edən şəxsdə məsuliyyət yaradır. Lakin imtahanların keçirilməsi xroniki hal alıb. Bir vakansiya üçün bu qədər imtahanın keçirilməsi üzərində ciddi düşünülməli məsələdir. Müəllim tapılmır, yoxsa özəl məktəblər asan gəlir yeri əldə ediblər?
İşsiz müəllimlər tanıyıram ki, imtahanlara borc alıb gedir. Onlar bu imtahanlara böyük ümidlər bəsləyirlər. Həqiqətənmi özəl məktəb yüzlərlə müəllim arasından 1 müəllim tapa bilmir ki, ayda 2-3 imtahan keçirir? Üstəlik, imtahanların nəticələri barədə cəmiyyətə şəffaf hesabat təqdim etməyən özəl məktəblər var. Bəlkə heç vakansiya yoxdur, asan gəlir əldə etmək təşkil olunur bu imtahanlar? Kim nəzarət etməlidir bu prosesə?"
U.Məmmədlinin sözlərinə görə, MİQ imtahanından keçən, lakin bölgədə təklif olunan işin maaşından və şəraitindən narazı olduğu üçün imtina edən müəllimlər var ki, özəl məktəbin imtahanı da uğurla verdiyinə əmindir: "Amma özəl məktəbdən xəbər çıxmır. Zəng edib soruşanda isə operatorlar nəticələriniz bizi qane etmədi cavabını verirlər. Bəs kimin nəticəsi onları qane etdi? Niyə imtahanı uğurla tamamlayan və işə qəbul olunan müəllimin nəticələri barədə cəmiyyətə məlumat verilmir?"