“Üçüncü zəng”dən əvvəl...

Bir ömrü teatrda keçirmək. Dilə asan gəlir. Həm də maraqlı. Düz demirəm? Yəqin ara-sıra yolu teatrdan düşənlər, hər şeyin hazırına səhnədən tamaşa edənlər, gur işıqların altındakı parıltılı tərtibatı, ecazkar aktyor oyununu, təpədən-dırnağa tarım düzümü görənlər elə zənn edirlər ki, teatrda işləmək dünyanın ən asan işi, ən maraqlı məşğuliyyətidir. Gəl, onu bir də sözün həqiqi mənasında teatra can qoyanlardan soruş. Özü də bəxti gətirməyib, ondan ömrün sonunda səssiz-səmirsiz əl-ayaq çəkənlərdən.
Adama elə gəlir ki, dözülməzdir. Ya da dəlilik. Hə, mən daha çox ikincini anlayıram. Bir növ qəbul edirəm. Axı, sonunu düşünmədən, mümkün bütün uğursuzluqları gözə alaraq ondan bərk-bərk yapışmaq asan deyil.
Süleyman Muradov nə az, nə çox düz 43 ildir ki, teatrda çalışır. Düzdür, arada qopub qaçdığı, daha doğrusu, məcburən imtina etdiyi qısa fasilə olub. Amma nə hikmətdirsə məhz o yarıqaranlıq kulis, məhz o heç vaxt uğur, populyarlıq, çoxlarının arzusunda olduğu şan-şöhrətin arxasında qalmaq reallığı belə onu teatr adlı sehrli yerdən qopara bilməyib.
İndi Azərbaycan Dövlət Kukla Teatrının bədii-quruluş hissə müdiridir. İlk gəncliyi, teatrla bağlılıq dövrü indiki Akademik Musiqili Teatrdan başlayıb. Uşaqlığı orada keçib. Atasının iş yeri, səhnə maşinisti kimi çalışdığı teatr S. Muradov üçün də bir yuva olub.
Qoyun qalanını özü danışsın. Zarafat deyil, bir neçə aya 65 yaşı haqlayır. Amma bu, (1961-ci ildə anadan olub) haqqında yazılan ilk yazı, ilk müsahibəsidir.
Onu çoxdan tanısam da, birlikdə bir teatrda illərdir çalışsaq da söhbətimiz elə də uzun alınmadı. Çünki həmişə olduğu kimi iş başında idi. Teatrda eyni zamanda üç yeni tamaşanın məşqi, bir beynəlxalq, iki yerli qastrola hazırlıq prosesi getdiyindən, səhnə, səhnə arxası, sexlər, qısacası teatrda həyat qaynadığından bir köşəyə çəkilib rahat söhbətləşə bilməzdik. Odur ki, onun əlində çəkic, mənim əlimdə diktofon ayaqüstü gah iş otağında, gah zirzəmidə, gah sexdə, gah da rekvizitlərin hazırlandığı arxa dəhlizdə danışdıq. Odur ki, bu həngamədə yazıya gələ bilənlərlə başlayaq.
...Onu söhbətə kökləmək üçün adı ilə ayaq verdim. Mənim “Süleyman müəllim, deyirlər Süleyman Peyğəmbər quşların dilində danışa bilib. Mən biləni teatr adamlarının da öz dili var. Danışdın əla, danışa bilmədin vay halına” demişdim ki, qəşş elədi. Sözsüz ki, özünəməxsus yumoru ilə “Yox, maşallah, yavaş-yavaş sən də öyrənirsən” deyib söz altında qalmadığına da yaxşıca eyham vurdu. Sonra “Niyə ki, teatr adamlarını anlamaq elə də çətin deyil. Əsas odur ki, nə istədiklərini biləsən. Bir də ümumi gedişatda yerini tapıb, yolundan sapmayasan. Elə həyat kimi. Büdrəməyəsən” deyib yanındakı yeşikdən müxtəlif ölçüdəki mismarları götürüb yeni tamaşanın dekoru üçün kəsilmiş taxta parçalarının yanlarını bir-birinə bərkitdi. Ehtiyatla “Öz aramızdır, haqlısınız, büdrədinsə ayağının altından çəkən çox olur” demişdim ki, “Vay, barmağımı əzdim” deyib gülümsündü. Peşman-peşman ona baxdım. Sonra ikimizi də gülmək tutdu. Çünki o qədər də günahkar deyildim. Fikir verdim, məndən əvvəl də iki barmağını əzmişdi. Dırnaqaltındakı qançırdan bildim. Odur ki, əhvalımı pozmadan “Bu da bir fədailikdir” deyib söhbəti mənə maraqlı olan yana çəkirəm. Kulis arxası qalmaqallara.
Maşallah, o da çoxdanın arifidir, üstəlik qeyliqalı xoşlamır deyə söhbətə özü yön vermək istəyir. Pis də alınmır: “Teatrımızda durmadan iş gedir. Bax, bekar adam yoxdur. Zatən belə olmalıdır. Söz-söhbət bilirsən nə vaxt yaranır? Bekarçılıq baş alıb gedəndə. Hə, bir də heç kəs yerində olmayanda. Şükür, bizdə rəhbərlikdən səhnə maşinistinə hər kəs öz yerində, öz işinə bağlıdır. Daha nə olsun ki?”
Qısa monoloqunu deyib rahatlaşdı. Təmkinini pozmadan gördüyü işə müştəri gözü ilə baxmaq üçün bir-iki addım geri çəkilib, kənardan süzdürdü.
Sonra nə fikirləşdisə keçmişə qayıtdı. Deyəsən, gənclik illəri, o dövrün mühiti haqqında danışmaq onun ürəyindən idi. Bunu hər xatirəsinə başqa bir sevinc və sevgi ilə qatdığı məzmundan duymuşdum.
“Rəhmətlik atam Mikayıl Muradov düz 30 il “Muzkomediya”da səhnə quraşdırıcısı işləyib. Uşaqlıqdan gedib-gəlirdim ora. Elə o vaxtdan da həvəsim yarandı. Həm teatr maraqlı idi, həm də ata sənətinə meylim güc gəldi. Davam etdirdim. Paralel tar məktəbində də oxudum. Qırmızı diplomla bitirmişəm oranı. Amma arxasınca getmədim. Teatrda ilişib qaldım. Nəhəng teatr, böyük sənətkarlar, səfərlər, uğurlu tamaşalar, ulduz aktyorlar... gör kimləri görmədim?!. Rəhmətlik Lütfəli Abdullayevdən bu yana hamısını görmüşəm. Qızıl üçlük – Xalq artistləri, xalqın həqiqi sənətkarları Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Siyavuş Aslanla işləmişəm. Sadə, mehriban insanlar idilər”, deyir.
Ona “Bildiyim, eşitdiyim qədərilə o vaxtlar yarıcı heyətlə texniki heyət arasında daim bir sərhəd olub. Nəzərə alsaq ki, adını çəkdikləriniz o teatrın nəhəngləri idi, bu məsafə lap dərin olar” deyəndə qəti etiraz elədi və “Yox, əksinə, onlar səhnədəki kimi sadə, mehriban idilər. İndikinə nisbətdə onda səmimiyyət daha çox, məsafə daha az idi. Texniki işçi ilə aktyor, rejissor ayrı-seçkiliyi yox idi. Hamı bir ailə kimi idi. İndikilərə baxma, köhnələr belə şeylərin yol-yöndəmini yaxşı bilirdilər.
1982-ci ildən 1994-cü ilədək orada çalışdım. O qədər xoş xatirələrim var ki, bir ömrə sığmaz. Deyirsiz texniki-yaradıcı işçi bölgüsü olub. Təsəvvür edin ki, hamımız eyni maraqla çalışırdıq. Mən səhnə quraşdırıcısı kimi nəinki öz işimə aid şeyləri, hətta bütün libretto və mizanları da əzbər bilirdim. Belə dəli kimi bağlı idik işimizə. Düzünü deyəcəm, səhnəyə çıxmaq arzum heç olmayıb. Mənə çətin gəlib. Bu həm də bir az utancaqlığımla əlaqədar idi. Bir də bizim zamanımızda başqa bir ədəb-ərkan vardı. Yadımdadır, rəhmətlik Vaqif İbrahimoğlu “Gözün aydın” tamaşasına yeni quruluş verirdi. Orada kiçik bir rolu mənə həvalə elədi. Rol deyəndə ki, tamaşada tar çalan oğlanın epizodik səhnəsini. Tar məktəbində oxuyurdum, orada canlı ifa şərt idi deyə bu işi mənə həvalə elədi. Vəssalam. Bu, ilk və son təcrübəm oldu. Səhnədə olmaq, tamaşaçı ilə üz-üzə dayanmaq çox çətin məsələdir. Onda da, indi də bunun yükünü yaxşı duyuram.
O dövr “Muzkomediya”nın ən qaynar vaxtları idi. Məncə, səhnə arxası daha maraqlı idi. Orada intriqa da vardı. Amma dostluq daha çox idi. Həyat qaynar, iş çox, qastrollar saysız-hesabsız. Belə mühitdə yalnız gözəl şeylər ola bilərdi. Sonra birdən tənəzzül başladı, 90-cı illərin ağırlığı teatrların da sinəsinə çökdü.
1993-cü il idi. Teatrda maaş çox az, iş yox. Sanki hər şey bitmişdi. Böyük aktyorların çoxu getdi. Onda mən də çıxdım. “Azərbaycanfilm” kinostudiyasında işləməyə başladım. Cəmi bir il yarım. O dönəmdə 2 film çəkildi. Tərslikdən heç biri senzuradan keçmədi, qaldı rəfdə.
Bekarçılıq və pulsuzluq qarabaqara izləyirdi məni elə bil. Bu minvalla incəsənətdən uzaq düşdüm. Dörd il. Amma elə bildim 40 ildir. O qədər darıxırdım. Restoranda, dükanda işlədim. Ticarətlə məşğul oldum. Başımı qatsam da elə bil nəyimsə çatmırdı. Vallah, bu nə pafos, nə də poetikadır. Teatr elə bir yerdir ki, sən ondan qopa bilmirsən. O sənə hava, su kimi vacib olur. Elə bilirsən ordan uzaqlaşsan, ölərsən. Heç “Muzkomediya”dan da ayrıla bilmirdim. Çətinliklə də olsa çıxdım. İşsizlik, boşluq məni yordu. Teatrın tənəzzülü ilə barışa bilmirdim”, deyir.
Süleyman müəllimi keçmişdən səsləməyə tələsmədim və bu nostalgiya fonunda çoxdan beynimi qurdalayan sualımı verdim. Ehmalca “Teatr əl-ayağınız kimi ürəyinizdə də iz buraxdı yəqin. Məsələn, hansısa aktrisaya plotinik bir məhəbbətlə bağlanmısız və o hiss sizdə nisgilə çevrilibmi?” sualıma cavab axtardım. Dərin “eh”lə başlayan və ani pauzadan sonra “Yox, elə də ciddi bir şey olmayıb. Amma cavanlıq idi də. Hə, uşaqlıqdan bilirdim ki, sənət, səhnə adamı ilə evlənmək, ona bağlanmaq çətin, hətta müşküldür. Əşi, bu mənada keçmiş, qoy elə keçmişdə qalsın” deyib sözü 1985-ci ildə çalınan və dövrün məşhur aktyorları sayəsində əsl tamaşa olan unudulmaz toyundan saldı.
Deyir nəinki məhəllə, “Kubinka” tamaşaya gəlmişdi. Ruhları şad olsun, böyük sənətkarlar toyumu elə gözəl, elə yaddaqalan etdilər ki, qonum-qonşu uzun zaman bizdən danışdı.
Köks ötürdü. Gözləri doldu və “Siyavuş Aslan, Hacıbaba Bağırov, Nəsibə Zeynalova. Hər üçünü sevgi ilə xatırlayıram. Yəqin ömrümün sonunadək bu sevgi və ehtiram məni tərk etməyəcək”, dedi.
Söhbətin yönünü bu üçlük arasında olan və çoxlarına bəlli umu-küsüyə çevirmək istədiyimdən “Bayaq intriqalardan danışanda dediniz ki, olmurdu. Amma mən biləni bu üçlüyün bir-biri ilə arası heç də həmişə yaxşı olmayıb” dedim. İnkar eləmədi və “Düzdür, araları elə də yaxşı olmayıb. İndi hamının sevərək izlədiyi “Hicran” tamaşası çəkiləndə hamımız kulis arxasında idik. Hər kəs maraqla baxırdı. Axı, onlar bir-biri ilə küsülü idilər. Bizə da maraqlı idi tamaşa, gedişat hara aparacaq. Oynadılar, çəkiliş bitən kimi hərə dinməz-söyləməz öz qrim otağına çəkildi. Gördüyünüz kimi heç hiss olunmur. Bu da aktyorların böyüklüyüdür. Sizə deyim ki, bu münasibətlərdə mənəm mənəmlik, hansısa birində xudbinlik yox idi. Bir-birilərilə araları olmasa da başqalarının yanında bunu dilə gətirməz, qeybət eləməzdilər. Bir-birinə hörmət edirdilər” dedi.
Söhbətin sonrakı hissəsi Azərbaycan Dövlət Kukla Teatrı ilə bağlı oldu. Daha doğrusu, özünün “Böyük qayıdış” adlandırdığı hadisə ilə.
“Kukla Teatrına gəlişim qəribə oldu. Bayaq dedim axı müxtəlif işlərdə çalışdım. İşlədiyim restoran bağlandı. Tərslik bitimdi. Sonra kiçik ərzaq dükanı açdım. İşə saldım, pis getmirdi. Vurdu yanımızda böyük market açıldı. Al-verim öldü. Anladım ki, ticarət də mənlik deyil. Günlərin bir günü yenə fikirli-fikirli piştaxta arxasında oturmuşdum. Bu dəm gördüm dükanın önündə maşın dayandı, Rəşad müəllim idi (Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəni deyir - red). Uşaq kimi sevindim. İllərdə “Muzkomediya”da birgə işləmişdik. Hal-əhval tutandan sonra özünəməxsus zarafatı ilə “Süleyman, nə işin var burda? Sənin yerin teatrdır. Gəl, yenə birlikdə işləyək. İndi kukladayam” dedi.
Əslində təklif ürəyimdən oldu. Amma bir az tərəddüd elədim. Düşündüm ki, təzədən teatra qayıtmaq çətin olar. Duruxduğumu görüb “Bax da, qayıtmaq fikrin olsa gəl yanıma dedi” və getdi. O vaxtdan dükandan da əlim-ayağım soyudu. Qısa müddət sonra dükanı bağladım. Yığışıb oturdum evdə. 6 ay işsiz qaldım. Gördüm yox e, artıq əldə-ovucda nə var bitib. Üstəlik divarlar, ev-eşik üstümə gəlir.
Onu da deyim ki, teatrdan uzaq düşdüyüm vaxtda bir dəfə də olsun getmədim, heç bir tamaşaya baxmadım. Əslində mən istəyən, gördüyüm teatr da qalmamışdı. Lap xəzan vurmuş bağa dönmüşdü .
Hə, günlərin bir günü, dəqiq desəm, 1999-cu ilin sonları idi. Onda Musiqili Teatrın direktoru rəhmətlik Hacıbaba Bağırov idi. Əmin idim, o məni görcək, iş axtardığımı bilcək götürəcəkdi. Elə bu niyyətlə də gəzə-gəzə gəlib çıxdım teatra. Hava da küləkli idi. Teatrın xidməti qapısına tərəf gəldim. Bu dəm küləyin zərbəsindən qapı çırpıldı. Duruxdum, öz-özümə “Yox, Süleyman, burda nəsə hikmət var” deyib yolumu dəyişdim və birbaş Kukla Teatrına gəldim. O gələn, bu gələn burdayam.
Həmin ərəfədə burada bədii-quruluş hissə müdiri yeri boş idi. O vaxtdan bu vəzifəni icra edirəm. Özü də heç bədii-quruluş hissə müdiri təcrübəm yox idi. Bir az ehtiyat etdim. Amma Rəşad müəllim mənə inandı və sağ olsun, 2000-ci ildən bu vəzifəni icra edirəm...”
Müşahidələrimə əsaslanıb ondan bədii, yoxsa texniki heyətlə işin daha mürəkkəb olub-olmadığını soruşdum.
Təcrübəsinə söykənib “texniki heyət” deyir və ardınca “Teatr sözdən əvvəl əməl işidir və sən bunu əyani göstərirsən deyə işin miqyası görünür. Bu mənada texniki tərəflər çətin və ən çox gözəçarpandır” deyib fikrini bu yolla əsaslandırmağa çalışır.
Söhbəti keçmiş tarzənin ovqatına uyğunlaşdırıb sarı simdə bitirmək istədim. Məsələni bir az da dramatikləşdirib “Bayaq əlinizi əzəndə düşündüm, görəsən nə vaxtsa o çəkici divara sıxıb, çıxıb getmək istəyibmi Süleyman müəllim. Nə bilim, bəlkə özünü “Nə var idi e, getmişdin də, gül kimi işləyirdin, təzədən gəlib bu qır qazanına niyə girdin?” sualı ilə danlayıb”a çəkdim.
Düşünmədən “Yox, əksinə, yaş ötüb, pensiya məqamına çatanda başqa bir məhəbbətlə bağlanıram teatra. Yadıma düşəndə ki, bir neçə aya 65 yaşım tamam olur, qəhərlənirəm. Düzdür, şükür, Allahın lütfü ilə bu yaşa gəlib çatmışam. Üstəlik, nəvələrlə keçirəcəyim xoş zamanlar daha çox olacaq. Amma teatrsız da qala bilmirəm, bilmərəm. Həyatdır, görək bizim üçün hansı mizanı qurub” deyib gülümsündü. Bu zorakı gülümsəməni qəhqəhəyə çevirmək üçün növbəti tədbirimi tökdüm: “Təsəvvür edin qastroldasız. 10 kukla getməlidir, yaddan çıxıb, biri qalıb” deyəndə gözləri bir az böyüdü və “Vay, bu lap faciə olar ki. Yaxşı ki, mənim təcrübəmdə olmayıb. Allah bilir nə olardı” deyib güldü. Sonra “Yaxşı yadıma saldın, uşaqlar İsmayıllı səfəri ilə bağlı çamadanları yığırlar. Gedim yoxlayım. Şər deməsən, xeyir gəlməz” deyib tələsik rekvizit sexinə qalxdı.
Özümü ona çatdırdım. Müxtəlif ölçülü kuklaların arasında uşaq kimi itib-batan ağ saç-saqqalı teatr adamı çox məsum və məsud görünürdü. Deyəsən, fikrimi oxumuşdu. Odur ki, “Süleymana qalmayan dünya mənə qalası deyil ki. Mənim mükafatım da, fəxri adım da, var-dövlətim də bu sənətdir, bu kuklalardır, o gördüyün rekvizitlərdir. Ələlxüsus da məni sevən iş yoldaşlarım, dostlarım və doğmalarım...”
Yox, yanılmamışdım. Bu Süleyman quş dilini bilməsə də teatrın söz-sovunu yaxşı duyub, çözmüş, özü üçün çoxdan həll eləmişdi.
Həmidə NİZAMİQIZI