Brent markalı neftin bir bareli 96,43 dollardan satılır
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barelinin qiyməti hazırda 96,43 dollar səviyyəsində qərarlaşıb.
AFN.az xəbər verir ki, ötən gün 99,50 dollara qədər bahalaşan Brent nefti günü 95,92 dollarla bağlamışdı. Bu gün səhər saatlarına olan məlumata görə, qiymətlər təxminən 0,53 faiz artaraq 96,43 dollar olub, eyni dəqiqələrdə "WTI" markalı xam neft isə 98,43 dollardan alıcı tapıb.
Qiymət artımına əsasən Səudiyyə Ərəbistanının neft tədarükü ilə bağlı narahatlıqlar və müvəqqəti atəşkəsə baxmayaraq Hörmüz boğazındakı keçidlərdə yaranan fasilələr təsir göstərib. Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin Energetika Nazirliyinə istinadən yaydığı məlumata görə, ölkənin enerji obyektlərinə edilən son hücumlar nəticəsində bəzi müəssisələrdə əməliyyat prosesləri dayandırılıb.
Riyad, Yanbu və Şərq bölgəsindəki qurğuların hədəf alınması nəticəsində "Şərq-Qərb" neft kəməri üzərindəki mühüm nasos stansiyalarından birinin zədələnməsi gündəlik 700 min barellik neft axınının itirilməsinə səbəb olub. Bundan əlavə, "Munife" və "Xurays" hasilat müəssisələrinə edilən hücumlar ölkənin ümumi istehsal gücünü gündəlik təxminən 600 min barel azaldıb.
ABŞ ilə İran arasında əldə olunmuş və İsraili də əhatə edən iki həftəlik müvəqqəti atəşkəs İsrailin Livana hücumlarının davam etməsi və İranın atəşkəs pozuntusu ilə bağlı bəyanatları səbəbindən bazarda qeyri-müəyyənlik faktoru kimi qalır. Atəşkəsin qüvvədə olmasına baxmayaraq, Hörmüz boğazından gəmi keçidləri gözlənilən səviyyədən xeyli aşağıdır.
İran tərəfi gəmilərdən dəniz minaları riskinə qarşı hərbi koordinasiya tələb etdiyi halda, ABŞ Prezidenti Donald Tramp Tehranı tankerlərin keçidinə süni maneələr yaratmaqda və razılaşmanı pozmaqda ittiham edib.
Ekspertlər Brent nefti üçün 98,01 dolları müqavimət, 95,01 dolları isə dəstək səviyyəsi kimi izləməyi tövsiyə edirlər.

