Brent neftinin barrel qiyməti 111,29 dollara yüksəlib
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barrelinin qiyməti 111,29 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 111,89 dollara qədər bahalaşan Brent nefti günü 109,77 dollarla başa vursa da, bu gün səhər saatlarında təxminən 1,38 faiz artım nümayiş etdirib. Eyni dəqiqələrdə "WTI" markalı xam neftin barreli isə 115,03 dollardan alıcı tapıb. Qiymətlərin artmasına ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazını açması üçün tanıdığı vaxtın başa çatması və bölgədə gərginliyin artacağı ilə bağlı narahatlıqlar ciddi təsir göstərir. Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıqların nəticəsiz qalacağı təqdirdə İranın mülki infrastrukturunu, xüsusilə elektrik stansiyalarını və körpüləri hədəf alaraq ölkəni çökdürəcəyi barədə təhdidini yeniləyib.
Eyni zamanda, İsrail tərəfinin ABŞ-İran danışıqlarının müsbət nəticələnəcəyinə şübhə ilə yanaşdığı və danışıqlar uğursuz olacağı təqdirdə İranın enerji obyektlərinə zərbə endirmək üçün hədəf siyahısını artıq təsdiqlədiyi iddia edilir. Məlumata görə, Vaşinqton və Tel-Əviv İranın infrastrukturuna qarşı birgə hava hücumlarına hazırlaşır və İsrail ordusunun planları bu hücumların ən azı 3 həftə davam edəcəyi ssenarisi üzərində qurulub. Trampın Tehran rəhbərliyinə razılaşma üçün verdiyi möhlətin aprelin 8-də başa çatacağı gözlənilir.
Texniki təhlillərə əsasən, Brent nefti üçün hazırda 114,87 dollar müqavimət, 106,98 dollar isə dəstək səviyyəsi kimi proqnozlaşdırılır.

