Brent neftinin bareli 101,62 dollardan satılır
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir bareli 101,62 dollara satılır.
AFN.az xəbər verir ki, ötən gün 102,49 dollara qədər yüksələn Brent nefti günü 101,89 dollarla tamamlamışdı. Bu gün saat 10:37 radələrində isə qiymət əvvəlki bağlanışla müqayisədə 0,25 faiz azalaraq 101,62 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin bareli 94 dollardan alıcı tapıb.
Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın İranla danışıqların yaxşı getdiyi və ölkənin enerji obyektlərinə hücumların 10 gün müddətinə dayandırılacağı ilə bağlı açıqlamalarının təsiri ilə dəyişkən seyr edir. Həftənin əvvəlindən bəri Tramp və İran rəsmilərindən gələn ziddiyyətli bəyanatlar bölgədə gərginliyin davam edəcəyinə dair gözləntiləri gücləndirib.
Tramp ötən gün İranın elektrik stansiyalarını hədəf alma qərarını 6 aprelə qədər təxirə saldığını bildirsə də, Hörmüz boğazındakı daşımaların ləngiməsi neft tədarükü ilə bağlı qorxuları artırır. Enerji təchizatındakı bu qeyri-müəyyənlik neft qiymətlərində yuxarı meyilli riskinin qorunmasına səbəb olur. Ekspertlərin fikrincə, siyasi manevrlərin neft qiymətlərini aşağı salmaq cəhdləri hələlik məhdud təsir göstərir.
Tramp Xəzinədarlıq naziri Skott Bessentin enerji qiymətlərinə qarşı tədbirlər barədə məlumat verəcəyini qeyd edərək, "Proses hələ tamamlanmayıb, ona görə də qiymətlər bir qədər də yüksələ bilər, lakin sonra əvvəlki səviyyəsinə düşəcək" ifadələrini işlədib. Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərqə daha 10 min əsgər göndərməyi planlaşdırdığı iddia edilir.
Texniki baxımdan Brent neftində 102,57 dollar müqavimət, 100,65 dollar isə dəstək səviyyəsi kimi izlənilir.


