Brent neftinin barel qiyməti 110 dollardan aşağı düşdü
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 110 dollarlıq psixoloji həddən aşağı enib.
AFN.az xəbər verir ki, gün ərzində 119,11 dollara qədər bahalaşan Brent nefti Bakı vaxtı ilə saat 21:56 radələrində 108,44 dollardan alıcı tapıb. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) tipli xam neftin bareli isə 95,9 dollardan satılıb.
Qeyd edək ki, neft qiymətləri İranın cənubundakı Bəsrə körfəzində yerləşən Cənub Pars qaz yatağının bəzi emal zavodlarına edilən hücumlar və Tehranın sərt qisas əməliyyatlarından sonra kəskin yüksəlmişdi. İran öz infrastrukturunun yenidən hədəf alınacağı təqdirdə "sıfır məhdudiyyət" nümayiş etdirəcəyi ilə bağlı xəbərdarlıq edərək, Qətər və Küveyt də daxil olmaqla regiondakı müxtəlif enerji obyektlərinə zərbələr endirmişdi.
Lakin yüksək seyredən qiymətlər ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından sonra qismən geriləməyə başlayıb. Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranın neft və qaz infrastrukturunu hədəf almamaq barədə çağırış etdiyini açıqlayıb.
Qiymətlərin düşməsində digər mühüm amil ABŞ-ın maliyyə naziri Skott Bessentin bəyanatı olub. O, qlobal tədarükü artırmaq və qiymətləri aşağı salmaq məqsədilə dənizdəki tankerlərdə saxlanılan İran neftinə qarşı sanksiyaların yaxın vaxtlarda yumşaldıla biləcəyini qeyd edib.
Buna baxmayaraq, ABŞ və İsrailin İrana hücumları, habelə Tehranın cavab zərbələri nəticəsində mühüm ticarət yolu olan Hörmüz boğazında hərəkətin axsaması və tədarük narahatlıqları bazarda qeyri-müəyyənliyi saxlayır.

