Neft və qaz qiymətləri kəskin yüksəldi
ABŞ və İsrailin İrana qarşı birgə hücumlarından sonra Tehranın cavab addımları və artan geosiyasi risklərlə əlaqədar neft və təbii qaz bazarında yüksəliş dinamikası sürətlənib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın 27 fevralda verdiyi bəyanatda fevralın 26-da başlayan nüvə danışıqlarında İranın xoşniyyətli və açıq bir mövqe nümayiş etdirmədiyini və prosesin gedişatından narazı olduğunu bildirməsi bazarlarda risk qavrayışını əhəmiyyətli dərəcədə artırıb. Hücumdan əvvəl də artım meylində olan qiymətlər 27 fevralda artan geosiyasi gərginliyin təsiri ilə sürət qazanıb. "Brent" markalı neft günü 2,8 faiz artımla 73 dollardan tamamladığı halda, Qərbi Texas (WTI) tipli xam neft 2,6 faiz yüksəlişlə 67,17 dollara çıxıb.
Fevralın 28-i və martın 1-də bazarların qapalı olduğu saatlarda ABŞ və İsrailin İrana qarşı hücum təşkil etdiyinə dair xəbər axını qiymətlərin ani reaksiya verə bilməməsinə yol açsa da, həftənin ilk iş günündə toplanan risk mükafatı kəskin açılışla qiymətlərdə özünü göstərib. "Brent" nefti 2 martda 7,1 faiz artaraq 78,15 dollardan qapandığı halda, WTI 6,2 faiz artımla 71,33 dollara yüksəlib və beləliklə, neft qiymətləri son dövrün zirvə səviyyələrinə daşınıb.
Günün irəliləyən saatlarında İran İnqilab Keşikçiləri Korpusunun Baş Komandanının müşaviri briqada generalı İbrahim Cabbarinin Hörmüz boğazında gəmi və neft tankeri keçidlərinin dayandırıldığına dair iddiaları təsdiqləyərək boğazın bağlandığını irəli sürməsi və keçməyə çalışan gəmilərin hədəf alınacağını açıqlaması tədarük kəsintisinin dərinləşə biləyəci narahatlıqlarını artırıb. 2 martda qlobal bazarlarda likvidliyin nisbətən məhdud olduğu saatlarda gələn bu açıqlama "Brent" neftinin bu gün Asiya əməliyyatlarının erkən saatlarında 80,80 dollar səviyyəsini yoxlamasına səbəb olub ki, bu da son 15 ayın ən yüksək göstəricisidir.
"Brent" nefti bu gün saat 12.00 etibarilə 80,58 dollara yüksəlib və bu səviyyə 2025-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək hədd olub; eyni saatda WTI neftinin barreli isə 73,71 dollardan satılıb. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatları və bazar proqnozlarına görə, qarşıdurmaların uzanması və fiziki tədarükün axsaması halında stratejik ehtiyatlar qlobal tədarük kəsirini yalnız məhdud dərəcədə tarazlaya bilər, neft qiymətləri isə barrel başına 85-150 dollar aralığına qalxa bilər.
Digər tərəfdən, qlobal qaz bazarlarında da tədarük təhlükəsizliyinə dair narahatlıqlar qiymətlərə təsir edir. Qlobal enerji təchizatı baxımından kritik mövqedə olan Hörmüz boğazında tanker keçidlərinin kəskin şəkildə azalması, dünya mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20 faizinin reallaşdığı bu strateji keçiddə axsama yaşanma riski yaradaraq başda Avropa olmaqla təbii qaz qiymətləri üzərində yuxarı yönlü təzyiq formalaşdırır. Avropada ən böyük mərkəz olan Niderland bazasında TTF-də aprel vədəli müqavilələr 27 fevralda meqavat-saat başına 31,95 avrodan qapandığı halda, geosiyasi gərginliyin artması ilə qiymətlər 2 martda 38,4 faiz artaraq 44,5 avroya yüksəlib. Bu gün isə meqavat-saat başına qaz qiyməti saat 11.30 etibarilə 19,9 faiz artımla 53,35 avro səviyyəsində ticarət olunur.




