Brent neftinin bir barreli 110,20 dollardan satılır



Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barrelinin qiyməti 110,20 dollara yüksəlib.

AFN.az xəbər verir ki, həftənin son iş günündə 109,74 dollara qədər bahalaşan Brent nefti günü 109,03 dollar səviyyəsində başa vurmuşdu.

Bu gün səhər saatlarına olan məlumata görə, neftin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,05 faiz artaraq 110,20 dollar təşkil edib. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) tipli xam neftin bir barreli isə 111,43 dollardan alıcı tapıb.

Qiymətlərin bahalaşmasına ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt bəyanatları və investorların Yaxın Şərqdəki gərginliyin tədarükdə fasilələrə səbəb ola biləceyi ilə bağlı narahatlıqları təsir göstərib. Tramp "Fox News" telekanalına müsahibəsində bildirib ki, İranla razılaşma əldə olunmasa, ölkənin enerji infrastrukturuna qarşı sərt addımlar atılacaq.

O, Tehran rəhbərliyinə razılıq üçün tanıdığı 48 saatlıq vaxtı 8 aprel tarixinə qədər uzatdığını qeyd edərək, Hörmüz boğazının açılmayacağı təqdirdə İranın ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Digər tərəfdən, OPEC+ qrupuna daxil olan 8 ölkə may ayında neft hasilatını sutkada 206 min barrel artırmaq qərarına gəlib. Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın iştirak etdiyi onlayn iclasda bazar şəraitindən asılı olaraq könüllü hasilat məhdudiyyətlərinin mərhələli şəkildə ləğv edilə biləcəyi vurğulanıb.

Hazırda Brent nefti üçün 110,12 dollar səviyyəsi müqavimət, 109,32 dollar isə dəstək nöqtəsi kimi izlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu