Gəlişi gözəl rəqəmlər, gizlənən risklər - "Bank Respublika"nın fəlakət statistikası
“Bank Respublika” ASC-nin 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları açıqlanıb. İlk baxışdan sənəd bankın uğurlu inkişaf dinamikasını nümayiş etdirir. Xalis mənfəətin 19.4% artaraq 61,343 min AZN-ə çatması, aktivlərin 25.6% böyüyərək 2,677,123 min AZN-ə yüksəlməsi və kredit portfelinin 13.6% genişlənərək 1,654,039 min AZN təşkil etməsi müsbət mənzərə yaradır. Müstəqil auditor PwC tərəfindən təqdim edilən “təmiz” rəy də hesabatların Beynəlxalq Maliyyə Hesabat Standartlarına (BMHS) uyğun hazırlandığını təsdiqləyir.
Lakin maliyyə göstəricilərinin daha dərin təhlili bankın inkişaf modelində bir sıra struktur problemlərin və potensial risklərin formalaşdığını göstərir. Xüsusilə resurs bazasının keyfiyyəti, maliyyələşdirmə mənbələrinin bahalaşması və risklərin qiymətləndirilməsi metodologiyası diqqət çəkən məqamlar sırasındadır.
Depozit bazasında zəif dinamika və resurs çatışmazlığı riski
Depozit portfelinin strukturuna nəzər saldıqda daha ciddi risklər ortaya çıxır. Fiziki şəxslərin depozitləri 6.7% azalaraq 466,024 min AZN-ə düşüb ki, bu da pərakəndə müştəri bazasında zəifləmənin davam etdiyini göstərir. Hüquqi şəxslərin vəsaitləri hesabına müəyyən artım qeydə alınsa da, bu seqmentdə vəsaitlərin məhdud sayda iri müştərilər üzərində cəmləşməsi diqqət çəkir.
Hesabatda qeyd olunur ki, 31 dekabr 2025-ci il tarixinə qrupun 5 ən böyük müştərisinin hesablarında saxlanılan vəsaitlərin ümumi həcmi 487,613 min AZN təşkil edib. Bu məbləğ ümumi müştəri öhdəliklərinin təxminən 33%-nə bərabərdir və depozit bazasında yüksek konsentrasiyanın mövcudluğunu göstərir.
Bununla yanaşı, depozit portfelində tələbli və qısamüddətli vəsaitlərin payı da yüksək olaraq qalır. Hüquqi şəxslərin tələbli hesabları 266,362 min AZN təşkil edir. İstənilən vaxt geri çəkilə bilən bu vəsaitlərin uzunmüddətli kreditləşmənin maliyyələşdirilməsində istifadə olunması bankın likvidlik risklərini artırır. Xüsusilə iri müştərilərdən asılılığın yüksək olduğu şəraitdə vəsait axınlarının dəyişməsi bankın maliyyələşdirmə imkanlarına əlavə təzyiq yarada bilər.
Bahalı maliyyələşdirmə və faiz marjasına təzyiq
Depozit bazasının zəif artımı fonunda bank alternativ maliyyələşdirmə mənbələrindən daha aktiv istifadə edib. Sair borc öhdəlikləri 38.2% artaraq 669,087 min AZN-ə yüksəlib. Bu borclar üzrə faiz xərcləri isə 20,551 min AZN-dən 43,612 min AZN-ə çataraq 2.1 dəfə artıb.
Bu dinamika göstərir ki, bank kredit artımını maliyyələşdirmək üçün xarici inkişaf maliyyə institutlarından və yerli borc bazarından daha yüksək dəyərli resurslar cəlb etmək məcburiyyətində qalıb.
Nəticədə maliyyələşdirmənin maya dəyəri yüksəlməkdə davam edir. Orta depozit faiz xərci 2024-cü ildəki təxminən 3.66%-dən 2025-ci ildə 4.11%-ə yüksəlib. Ümumi faiz xərcləri 42% artaraq 110,113 min AZN təşkil edib. Müqayisə üçün, xalis faiz gəlirlərinin artımı 19.5% və ya 178,481 min AZN olub. Faiz xərclərinin gəlirlərdən daha sürətli artması xalis faiz marjasına təzyiq yaradır. Uzunmüddətli perspektivdə bu tendensiyanın davam etməsi bankın əsas gəlirlilik göstəricilərinin zəifləməsinə səbəb ola bilər.
Əməliyyat səmərəliliyi və kredit risklərinin qiymətləndirilməsi
2025-ci ildə əməliyyat xərcləri 19.3% artaraq 113,751 min AZN-ə yüksəlib. Xərclərin bu tempdə artması gəlirlərin artımının mühüm hissəsini neytrallaşdırır və əməliyyat səmərəliliyinin yaxşılaşmadığını göstərir. İşçi heyəti və inzibati xərclərdə müşahidə olunan artım xərclərin gəlirlərə nisbəti göstəricisinə də mənfi təsir edir.
Kredit portfelinin keyfiyyəti ilə bağlı göstəricilər də diqqət çəkir. Kredit zərərləri üzrə yaradılmış ehtiyatlar 6.4 dəfə artaraq 2,102 min AZN-ə çatıb və auditor tərəfindən “əsas audit məsələsi” kimi qiymətləndirilib.
Hesabat qeydlərindən görünür ki, gözlənilən kredit zərərlərinin hesablanmasında istifadə olunan modellərdə tarixi müşahidə dövrü 2012–2025-ci illər əvəzinə 2018–2025-ci illəri əhatə edib. Eyni zamanda makroiqtisadi fərziyyələr daha optimist yanaşma əsasında qurulub. Bu dəyişikliklər kredit risklərinin qiymətləndirilməsi nəticələrinə təsir göstərə və ehtiyatların həcmi ilə bağlı əlavə suallar yarada bilər.
Likvidlik göstəriciləri və əlavə risk amilləri
Bankın balansında pul vəsaitlərinin həcmi artsa da, bu vəsaitlərin bir hissəsi sərbəst istifadə üçün əlçatan deyil. Mərkəzi Bankdakı məcburi ehtiyatların həcmi 157,104 min AZN təşkil edir ki, bu da likvid aktivlərin müəyyən hissəsinin faktiki olaraq istifadədən kənarda qalması deməkdir.
Bundan əlavə, törəmə maliyyə alətləri üzrə əməliyyatlardan yaranan 9,055 min AZN xalis zərər, “Bakı Sığorta” törəmə müəssisəsinin likvidasiya prosesi və əlaqəli tərəflərlə əməliyyatların mürəkkəb strukturu bankın risk profilinə əlavə faktorlar daxil edir.
Qeyd etmək lazımdır ki, inflyasiyanın 5.7% olduğu və məzənnənin sabit qaldığı nisbətən əlverişli makroiqtisadi şəraitdə belə, resurs bazasının zəifləməsi fonunda aqressiv kredit artımının davam etdirilməsi gələcək dövrlər üçün əlavə çağırışlar yaradır. Fiziki şəxslərin depozitlərində müşahidə olunan azalma isə bankın pərakəndə seqmentdə rəqabət mövqeyi ilə bağlı suallar doğurur.
AFN.az Araşdırma Qrupu
