Təkrarlanmayan əməliyyatlar təkrarlanmadı: "Yelo Bank"ın mənfəəti 52 faiz gerilədi
"Yelo Bank" ASC-nin 2025-ci il üzrə KPMG tərəfindən audit olunmuş maliyyə hesabatları bankın fəaliyyətində bir sıra mühüm tendensiyaları üzə çıxarır. İlk baxışda aktivlərin və depozit bazasının genişlənməsi diqqət çəksə də, maliyyə nəticələrinin detallı təhlili gəlirliliyin əhəmiyyətli dərəcədə zəiflədiyini, xərc yükünün artdığını və risklərin yüksəldiyini göstərir. Bununla yanaşı, Avropa İttifaqının tətbiq etdiyi son sanksiya qərarı bankın beynəlxalq fəaliyyət perspektivləri ilə bağlı əlavə suallar yaradır.
Mənfəətdə kəskin azalma
2025-ci ildə "Yelo Bank"ın xalis mənfəəti 52 faiz azalaraq 42,763 min manatdan 20,429 min manata enib. Bu azalma kredit portfelinin genişlənməsinə baxmayaraq, gəlirlərin xərcləri kompensasiya edə bilməməsinin nəticəsi kimi qiymətləndirilə bilər.
Bankın xalis faiz gəlirləri kredit portfelinin 16 faiz artması hesabına yüksəlib. Bununla belə, digər gəlir mənbələrində zəifləmə müşahidə olunub. Xalis haqq və komissiya gəlirləri mənfi zonaya keçərək -1,929 min manat təşkil edib. Xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlər də əvvəlki illə müqayisədə azalıb.
Hesabatın diqqət çəkən məqamlarından biri 2024-cü ildə maliyyə nəticələrinə müsbət təsir göstərən iri həcmli və təkrarlanmayan əməliyyatların mövcudluğudur. Bank təkrarlanmayan əməliyyatdan (iri banklararası köçürmə və valyuta konvertasiyası) əhəmiyyətli gəlir əldə edib. Həmin gəlirlər nəzərə alınmadıqda, bankın əməliyyat göstəricilərinin daha zəif olduğu görünür. Rəhbərlik bu faktı qeyd etsə də, hesabatda bu gəlirlərin “gizli” rolu kifayət qədər vurğulanmır.
Xərclərin sürətli artımı
Mənfəətin azalmasında əsas amillərdən biri xərclərin gəlirlərdən daha sürətli artmasıdır. İşçi heyəti üzrə xərclər 44,134 min manatdan 49,035 min manata yüksəlib. Ümumi və inzibati xərclər isə 19,820 min manatdan 24,626 min manata çatıb.
Beləliklə, əməliyyat gəlirlərində ciddi artım qeydə alınmadığı halda, yüksələn inzibati xərclər və kreditlər üzrə dəyərsizləşmə ehtiyatları mənfəət göstəricilərinə mənfi təsir göstərib.
Kredit portfelində böyümə və artan risklər
2025-ci ildə bankın kredit portfeli 915,609 min manatdan 1,064,529 min manata qədər genişlənib. Lakin portfelin böyüməsi ilə paralel olaraq risk göstəriciləri də yüksəlib.
Əgər 2024-cü ildə kreditlər üzrə dəyərsizləşmə ehtiyatları üzrə 479 min manatlıq bərpa qeydə alınmışdısa, 2025-ci ildə bu istiqamətdə 5,627 min manat zərər formalaşıb. Eyni zamanda, 3-cü mərhələdə təsnifləşdirilən problemli kreditlər üzrə ehtiyatların yüksək səviyyədə qalması diqqət çəkir.
Bankın sahibkarlıq və istehlak kreditləri seqmentlərinə yüksək konsentrasiyası iqtisadi aktivliyin zəifləməsi şəraitində əlavə risk amili kimi qiymətləndirilə bilər.
Depozit bazasında struktur dəyişiklikləri
"Yelo Bank"ın ümumi depozit portfeli il ərzində 19,1 faiz artaraq 949,663 min manatdan 1,130,775 min manata yüksəlib. Lakin depozitlərin strukturuna baxdıqda fərqli mənzərə ortaya çıxır.
Ən diqqətçəkən dəyişiklik korporativ müddətli əmanətlərdə qeydə alınıb. Bu seqment üzrə depozitlər 127,618 min manatdan 40,654 min manata enərək 68,1 faiz azalıb. Beləliklə, bank təxminən 87 micron manat həcmində korporativ depozit itkisi ilə üzləşib.
Digər tərəfdən, pərakəndə müddətli əmanətlər 665,228 min manatdan 827,945 min manata yüksələrək 24,5 faiz artıb.
Maliyyə bazarlarında korporativ müştərilər adətən daha sabit və daha böyük maliyyə resursları təqdim edən seqment hesab olunur. Buna görə də korporativ depozitlərin kəskin azalması bankın bu seqmentdə mövqeləri ilə bağlı müəyyən suallar yaradır.
Pərakəndə depozitlərin artımı isə yüksək faiz təklifləri hesabına təmin olunduqda, bankın faiz xərclərinə əlavə təzyiq yarada bilər. Hesabatda faiz xərclərinin 68,423 min manata çatdığı göstərilir.
Depozit bazasında digər mühüm məqam vəsaitlərin müəyyən müştəri qruplarında cəmləşməsidir. Hesabata görə, 1 milyon manatdan çox vəsait yerləşdirmiş 36 müştərinin payına ümumi depozitlərin 43,3 faizi və ya 489,586 min manatı düşür.
Bundan əlavə, sığortalanmış əmanətlərin ümumi depozitlərdə payı təxminən 45 faiz təşkil edir.
Kapital və balans göstəriciləri
Bankın ümumi aktivləri il ərzində 19 faiz artıb. Kapital adekvatlığı göstəricisi 13,62 faiz olmaqla tənzimləyici minimum hədd olan 10 faizdən yuxarı qalır. Likvidlik göstəriciləri də hazırda normativ tələblərə uyğundur.
Lakin balansda diqqət çəkən məqamlardan biri yığılmış zərərin hələ də yüksək səviyyədə qalmasıdır. Hesabata görə, bu göstərici -228,946 min manat təşkil edir. Bundan əlavə, valyuta riski və törəmə maliyyə ödhəliklərinin artması da izlənilməli məqamlar sırasındadır.
Avropa İttifaqının sanksiya qərarı
2026-cı ilin aprel ayında Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiya paketi siyahısına "Yelo Bank"ı da daxil edib.
Qərarın əsaslandırılmasında bankın Rusiyanın maliyyə mesajlaşma sistemi SPFS ilə əlaqələrinin olması və sanksiyaların potensial olaraq dolanılmasına şərait yarada biləcək fəaliyyətlərin mövcudluğu göstərilib. Məhdudiyyətlərin 14 may 2026-cı il tarixindən qüvvəyə mindiyi bildirilir.
Bank rəhbərliyi məsələ ilə bağlı açıqlamasında qərarı texniki xarakterli qiymətləndirərək sözügedən əməkdaşlığın dayandırıldığını bəyan edib. Bununla belə, sanksiya qərarı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və reputasiya baxımından əlavə risklər yaradır.
2025-ci ilin nəticələri göstərir ki, "Yelo Bank" aktivlər və ümumi depozit bazası üzrə artım nümayiş etdirməsinə baxmayaraq, gəlirlilik göstəricilərində ciddi zəifləmə ilə üzləşib. Mənfəətin yarıdan çox azalması, əməliyyat xərclərinin yüksəlməsi, kredit portfelində risklərin artması və korporativ depozit bazasında müşahidə olunan əhəmiyyətli azalma bankın qarşısında duran əsas çağırışlar kimi görünür.
Bunlara əlavə olaraq, Avropa İttifaqının tətbiq etdiyi sanksiya qərarı bankın beynəlxalq fəaliyyət imkanları və reputasiyası baxımından yeni risk mühiti formalaşdırır.
Mövcud şəraitdə bankın gələcək dövrdə xərclərin optimallaşdırılması, risklərin idarə edilməsinin gücləndirilməsi, korporativ müştəri bazasının bərpası və beynəlxalq tərəfdaşlarla münasibətlərdə etimadın qorunması istiqamətində atacağı addımlar xüsusi əhəmiyyət daşıyacaq.
AFN.az Araşdırma qrupu


