"Yelo Bank"da mənfəət kəskin azalır, likvidlik boşluğu böyüyür


“Yelo Bank”ın 2026-cı ilin birinci rübü üzrə açıqladığı maliyyə hesabatları bankın ciddi risklərlə üz-üzə qaldığını göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfəətin 40% azalması və depozit portfelindəki daralma bankın dayanıqlılığı ilə bağlı suallar doğurur.

AFN.az “Yelo Bank”ın 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, qurumun xalis mənfəəti 2025-ci ilin birinci rübündəki 11.1 milyon AZN-dən 2026-cı ilin eyni dövründə 6.6 milyon AZN-ə qədər kəskin geriləyib. Bu azalmanın əsas səbəbi qeyri-faiz gəlirlərinin 33%-dən çox azalaraq 2.7 milyon AZN-ə düşməsidir. Bankın gəlir diversifikasiyasını təmin edə bilməməsi və demək olar ki, tamamilə kredit faizlərindən asılı qalması onu bazar dəyişiklikləri qarşısında müdafiəsiz qoyur.

Müştərilər vəsaitlərini çəkir?

Bankın ən həssas nöqtəsi olan depozit portfelində mənfi tendensiya müşahidə olunur. Belə ki, rüb ərzində müştərilərin depozit və cari hesablarında 29.4 milyon AZN həcmində xalis azalma baş verib. Bu, bankın resurs bazasının zəiflədiyinə və müştəri etimadının sarsıldığına dair siqnal kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, fiziki şəxslərin əmanətləri cəmi depozitlərin 86%-ni (914.5 milyon AZN) təşkil edir, bu kütləvi asılılıq istənilən iqtisadi dalğalanmada bank üçün ciddi təhlükə yaradır.

"Ani" təhlükə: 190 milyonluq likvidlik boşluğu

“Yelo Bank”ın likvidlik hesabatındakı rəqəmlər daha narahatedicidir. Bankın "ani" öhdəlikləri ilə aktivləri arasında 189.7 milyon AZN həcmində nəhəng bir kəsir yaranıb. Bu o deməkdir ki, bankın dərhal nağda çevrilə bilən vəsaitləri (45.8 milyon AZN) müştərilərin istənilən an geri tələb edə biləcəyi 235.5 milyon AZN-lik tələbli depozitləri qarşılamaq gücündə deyil.

Son rəqəmlər bankın kredit portfelinin keyfiyyəti ilə bağlı da suallar doğurur. 1 milyard manatlıq portfeli olan "Yelo Bank"da 236.7 milyon manatlıq kredit tamamilə təminatsızdır. Problemlər bununla bitmir: 102.4 milyon manatlıq borcun vaxtı keçib, 17.4 milyon manatlıq hissə isə artıq bir ildən çoxdur geri qaytarılmır. Bankın ümumi yığılmış zərəri isə -206.9 milyon manat təşkil edir ki, bu da qurumun hələ də ağır maliyyə yükü altında olduğunu sübut edir.

Yelo Bank-ın "rəqəmsal və aqressiv böyümə" adı altında apardığı siyasət, rəqəmləri analiz etdikdə, yüksək risk və azalan səmərəlilik kimi görünür. 190 milyonluq ani likvidlik boşluğu və azalan mənfəət fonunda bankın rəhbərliyinin hansı addımlar atacağı maraq doğurur. Əgər depozit çıxışı davam edərsə, bankı daha çətin rüblər gözləyə bilər.

Səbuhi QAFAROV






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu