Döyüş təyyarələrinin pilotların fotoşəkil çəkdiyi zaman toqquşduğu məlum olub
Cənubi Koreyada 2021-ci ildə iki döyüş təyyarəsinin havada toqquşma səbəbinin pilotların foto və video çəkmək cəhdi olduğu müəyyən edilib.
AFN.az xəbər verir ki, Seul Audit və Təftiş Şurası tərəfindən yayımlanan hesabata görə, Tequ şəhərində xidməti uçuş yerinə yetirən iki F-15K tipli reaktiv təyyarə pilotların şəxsi mobil telefonları ilə çəkiliş apardığı vaxt qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmasa da, təyyarələrə dəyən zərərin hərbi büdcəyə maliyyə xərci 880 milyon von olaraq açıqlanıb.
Araşdırmalar göstərib ki, qəzaya səbəb olan pilot hərbi hissədəki son uçuşunu əbədiləşdirmək üçün şəkil çəkdirmək istəyib. Uçuş zamanı pilot daha yaxşı görüntü əldə etmək məqsədilə təyyarəsini qəfil manevrlə tərsinə çevirib və bu zaman təyyarələr bir-birinə təhlükəli dərəcədə yaxınlaşaraq toqquşub. Nəticədə bir təyyarənin qanadı, digərinin isə quyruq stabilizatoru zədələnib.
Hərbi hava qüvvələrindən ayrılaraq mülki aviaşirkətdə işləməyə başlayan pilotdan əvvəlcə bütün təmir xərclərini ödəmək tələb olunsa da, Audit Şurası cəriməni 88 milyon vona endirib. Qərarda pilotun zədələnmiş təyyarəni təhlükəsiz şəkildə bazaya qaytara bilməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.
