Körfəzdəki neft sızıntısı kosmosdan görünür - FOTOLAR



ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Körfəzdə böyük neft sızıntıları meydana gəlib.

AFN.az xəbər verir ki, süni peyk görüntüləri fəlakətin miqyasını və ekosistemə dəyən zərərin ağırlığını ortaya qoyub. Avropa Kosmik Agentliyinin "Sentinel-1" peyki vasitəsilə əldə edilən fotolar, dəniz səthində kosmosdan belə seçilə bilən nəhəng ləkələr yaratdığını göstərir. Aprelin 7-də çəkilən görüntülər İranın Qeşm adası yaxınlığında Hörmüz boğazında səkkiz kilometrdən çox ərazini əhatə edən neft sızıntısını aşkar edib.

Digər kritik nöqtə isə Lavan adasıdır; İran dövlət mediasının məlumatına görə, adanın yaxınlığındakı neft terminalına edilən hücumdan sonra ərazidə ciddi çirklənmə baş verib və neft emalı zavodunda böyük yanğın qeydə alınıb. Ekspertlər bu vəziyyəti ətraf mühit üçün böyük fövqəladə vəziyyət kimi qiymətləndirirlər.

Niderlandın PAX təşkilatının nümayəndəsi Vim Svaynenburq bildirib ki, neft sızıntıları artıq mərcan qayaları ilə tanınan kimsəsiz Şidvar adasına qədər çatıb. Mütəxəssislər ən pis ssenaridə bu sızıntıların İran sahillərində yaşayan minlərlə insana birbaşa təsir edəcəyi, xüsusilə dolanışığı balıqçılıqdan asılı olan yerli əhalinin qidalanma zəncirinin çirklənəcəyi barədə xəbərdarlıq edirlər.

Bundan əlavə, bölgədə təxminən 100 milyon insanın içməli su ehtiyacını ödəyən dəniz suyunu şirinləşdirən zavodların süzgəc sistemləri də neft çirklənməsi səbəbindən sıradan çıxa bilər. "Greenpeace" Almaniya bölməsinin məlumatına görə, hazırda Körfəzdə ümumilikdə 19 milyard litr xam neft daşıyan 75 böyük tanker hərəkət edir. Bölgədə davam edən hərbi münaqişə təmizləmə işlərini demək olar ki, qeyri-mümkün edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu