İran: Lavan adasındakı neft emalı zavodunda baş verən partlayış düşmən hücumudur
İran Milli Neft Emalı Şirkəti səhər saatlarında Fars körfəzində İrana məxsus Lavan adasındakı neft emalı zavodunda baş verən partlayışın düşmən hücumu nəticəsində yarandığını və zavodda yanğın çıxdığını açıqlayıb.
AFN.az xəbər verir ki, İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, hadisə ilə bağlı rəsmi bəyanat yayılıb.
Bəyanatda bildirilir ki, çərşənbə günü saat 10 radələrində Lavan adasında yerləşən neft emalı zavodu düşmənlər tərəfindən hücuma məruz qalıb. Hücumdan sonra zavodda başlayan yanğına dərhal müdaxilə edildiyi, işçilərin vaxtında təxliyə olunması sayəsində hələlik can itkisinin qeydə alınmadığı bildirilib.
İran Milli Neft Emalı Şirkəti ölkənin yanacaq tədarükü və paylanması şəbəkəsinin sabit olduğunu vurğulayaraq, əhalini yanacaq istehlakını nəzarətdə saxlamağa çağırıb. Qeyd edək ki, bundan əvvəl İran mediası zavodda mənbəyi məlum olmayan partlayış baş verdiyi barədə ilkin məlumat yaymışdı.


