Brent markalı neftin bir bareli 98,38 dollardan satılır



Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 98,38 dollar səviyyəsində qərarlaşıb.

AFN.az xəbər verir ki, ötən günü 101,15 dollara qədər bahalaşaraq bağlayan neft qiymətləri, yeni ticarət gününə cüzi azalma ilə başlayıb. Hazırda Brent nefti 0,10 faiz dəyər itirərək 98,38 dollara, Qərbi Texas növü (WTI) isə 89,43 dollara satılır. Qiymətlərin nisbətən enməsinə səbəb ABŞ Prezidenti Donald Trampın İranla mövcud olan atəşkəsi uzatmaq qərarı olub.

Regionda gərginlik hələ də yüksək həddədir. ABŞ-ın İrana məxsus yük gəmisini ələ keçirməsi və Tehranın buna cavab hədələri fonunda İran Hörmüz boğazını yenidən bağladığını elan edib. İranın xarici işlər naziri Abbas Əraqçi limanların blokadaya alınmasını müharibə aktı adlandıraraq, təzyiq altında danışıqlar aparmayacaqlarını bəyan edib.

Donald Tramp isə müzakirələrin davamı üçün atəşkəsi qeyri-müəyyən müddətə uzatsa da, dəniz blokadasının qalacağını və razılaşma olmasa, hərbi variantların masada olduğunu vurğulayıb. Bu gərginlik fonunda dünya neft ticarətinin beşdə birinin keçdiyi Hörmüz boğazında hərəkət demək olar ki, dayanıb və son 24 saat ərzində cəmi 3 gəminin keçidi qeydə alınıb.

Ekspertlər qeyd edirlər ki, tədarük kəsintilərinə rəğmən, diplomatik ümidlər qiymətlərin daha da kəskin artmasının qarşısını alır. Texniki göstəricilərə görə, Brent nefti üçün 98,93 dollar müqavimət, 97,97 dollar isə dəstək zonası hesab olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu